IBA Tech Akademiyası layihəsi Beynəlxalq Əmək Təşkilatı və ASKnın mükafatını qazandı


Digərləri 22 Noy 2019 14:19:00 312 0

IBA Tech Akademiyası layihəsi Beynəlxalq Əmək Təşkilatı və ASKnın mükafatını qazandı

Azərbaycan Beynəlxalq Bankı Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Korporativ Sosial Məsuliyyət layihələrinin qiymətləndirilməsi məqsədilə keçirdiyi müsabiqənin qaliblərindən olub. Bank bu il reallaşdırdığı IBA Tech Akademiyası layihəsinə görə ölkəmizdə korporativ sosial layihələrdə fəal iştirak edən biznes qurumu kimi mükafatla təltif edilib. Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində noyabrın 21-də "Fairmont" otelində "Dayanıqlı inkişaf məqsədləri və biznes mühiti" mövzusunda keçirilən konfrans zamanı mükafat Azərbaycan Beynəlxalq Bankına təqdim edilib.

Belə bir müsabiqənin məqsədi ölkəmizdəki biznes subyektlərinin həyata keçirdiyi Korporativ Sosial Məsuliyyət layihələrinin sayının artırılmasına nail olmaq, bu sahədə motivasiya yaratmaqdır. Müsabiqəyə ölkənin ayrı-ayrı aparıcı biznes qurumları öz KSM layihələrini təqdim ediblər. Layihələrin qiymətləndirilməsi Beynəlxalq Əmək Təşkilatı ilə birlikdə həyata keçirilib. Bu zaman layihələrin dayanıqlı iqtisadi inkişafa dəstək səviyyəsi, əhatə dairəsi, məzmunu, cəmiyyətə faydaları və s. bu kimi amillər nəzərə alınıb.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı IBA Tech Akademiyasını bu ilin sentyabrında yaradıb. Burada məqsəd ölkəmizin əmək bazarındakı ehtiyacları nəzərə alaraq peşəkar informasiya texnologiyaları mütəxəssislərinin hazırlanmasına dəstək olmaqdır. Akademiyanın ölkəmizin biznes mühitində ilk dəfə reallaşdırdığı sosial layihəsi çərçivəsində burada təhsil ödənişsizdir. Hazırda 100-dən artıq gənc IBA Tech Akademiyasında təşkil olunan ilk intensiv bootcamp kurslarında ölkəmizin əmək bazarında xüsusilə böyük tələbat olan FrontEnd və BackEnd proqramlaşdırma biliklərinə yiyələnir.