YARAT Müasir İncəsənət Məkanında "Zərif sərhədlər: İranın görünməyən sərhədlərinə baxış" adlı sərgi açılıb


Digərləri 22 Noy 2019 13:57:00 338 0

YARAT Müasir İncəsənət Məkanında "Zərif sərhədlər: İranın görünməyən sərhədlərinə baxış" adlı sərgi açılıb

YARAT Müasir İncəsənət Məkanında "Zərif sərhədlər: İranın görünməyən sərhədlərinə baxış" adlı sərgi açılıb.

Son.az Trend-ə istinadən bildirir ki, ekspozisiya bütünlükdə 15 rəssam tərəfindən məhz bu sərgi üçün yaradılmış əsərləri, eləcə də son illərdə ərsəyə gətirdiyi əsərləri təqdim edir. Bu əsərlər, sərhəd anlayışını hansısa şübhəli, efemer və mütərəddid (qeyri-sabit, dəyişkən) kimi nəzərdən keçirir və heç bir sərhədin, mədəni, ərazi və psixoloji olmasından asılı olmayaraq, dayanıqlı və sabit olmasını şübhə altına qoyur. İran və onunla qonşu olan ölkələrin kontekstində sərhədlər dilemmasını araşdıran sərgi, siyasi identikliyə, eləcə də daxili, şəxslərarası və beynəlxalq sərhədlərə aid olan sualları ortaya qoyur.

Ekspozisiyaya müasir rəssamlar Nazgöl Ansariniya, Kamruz Aram, Dadbeh Bassir, Samira Eskandarfar, Qazaleh Hedayat, Samira Hodaei, Gelare Xoşgözaran, Robin Mandel, Əli Momeni, Timo Nasseri, Jalə Nesari, Navid Nur, Leyla Pazuki, Sara Rəhbər, Neda Razavipur və XIX əsrdə yaşayıb-yaradan rəssam Mirzə Qədim İrəvaninin əsərləri daxildir.

Sərginin adı professor Firuzə Kaşani-Sabetin "Zərif sərhədlər: Qacar İranının azalan əraziləri" adlı essesinin başlığından götürülüb. Burada sərhədlər iki tipə bölünür: "literal" (və ya hərfi), yəni fiziki və metaforik, yəni, "mədəni" bölgü. YARAT-da nümayiş olunan sərgi, yaxın mədəniyyətlərin qeyri-zorakı bölgüsünü işıqlandırır. Belə bölgü, sakit demarkasiya adlanır və kollektiv şüurun köklərini pozur, bu mədəniyyətlərin konstruktiv dialoquna mane olur və onların ümumi tarixi, inancı və mədəniyyətini rədd edir.

Birinci mərtəbədə təqdim edilən ekspozisiya, cismin məkanı və şəhərin məkanı, xaos və qayda-qanun, şəxsi və mədəni-sosial məkan, "mən" və "başqaları" arasında görünməyən sərhədləri araşdırır. Kamruz Aramın yeni "Göy memarlıq üçün elegiya" (2019) adlı multimedia əsəri, müxtəlif formalarda və materiallarda həkk olunmuş İran mirası ilə birləşən ölkələr - İran, Azərbaycan və Əfqanıstan mədəniyyətlərinin bir çox məşhur istinadlarını özündə cəmləşdirir. Rəssam belə izah edir: "Əgər hər hansı mədəniyyət obyektinin yaşı yüz illərlə ölçülürsə, yerli xalqları ayıran sərhədlər isə əsrlər boyunca yerini dəyişirsə və təkamül prosesinə məruz qalırsa, belə obyektin milli mənşəyi ilə bağlı hər hansı iddialar şübhələr doğurur (açıq-aşkar görünür ki, coğrafi mənşə, milli mənşə ilə mütləq şəkildə uyğun gəlmir". İnstalyasiya elə quraşdırılıb ki, guya, o, Azərbaycan portretçisi, tipik İran miniatürləri ilə özünə məşhurluq qazanmış Mirzə Qədim İrəvaninin "Oturmuş qadın portreti" (1870-ci illər) əsəri ilə "söhbət edir". Leyla Pazukinin "Adsız (Otaq №3)" (2012/2019) əsəri də mədəni sərhədlər anlayışını araşdırır: "Yazılmamış qaydalar, mədəni və sosial tabular, mühafizəkar və ənənəvi məhdudiyyətlər, bizə məlum olmayan qanunlar - bütün bunlar görünməyən sərhədlərdir və biz daim onlarla rastlaşırıq və hər dəqiqə özümüz də anlamadan onları adlayırıq".

Buna cavab olaraq, ikinci mərtəbədə əks mövqeli ekspozisiya təqdim edilib. Ekspozisiya təbiətdə - yerdə, göydə və suda sonsuzluq və fiziki anomaliyaların təzahürlərinin araşdırılmasına yönəlib. Rəssam Navid Nur tərəfindən yaradılmış, mərmər və güzgüdən hazırlanmış immersiv qapılar, paralel dünyalara girişi açan zaman portalı kimi çıxış edir. Timo Nasseri də, "Bitməyən gecə və ya bizə lazım olmayan işıq" (2019) adlı yeni əsərində, kainatın obrazına müraciət edir. Ulduzlar yavaş-yavaş əriyib yox olan kiçik qara çınqıllardan hazırlanıb. "Le corps fluide / Maye bədən" əsərində (2019) Neda Razavipur Xəzər sahillərində keçirdiyi uşaqlıq illərinə bağlı olan kollektiv yaddaş anlayışını araşdırır. Rəssamın audio-videoinstalyasiyası, Astaradan tutmuş, Culfaya qədər (İran) ərazilərdə toplanmış bir sıra gerçək hekayələri sənədləşdirir. Burada Araz çayının sərhədi ilə bir-birindən aralı düşmüş sevgililər haqqında hekayələr də yer alıb. Araz boyunca sərhəd, Jalə Nesarini də ilhamlandırıb. Yenicə yaradılmış videosunda, rəssam dahi şair Nizami Gəncəvinin "Leyli və Məcnun" əsərindən (1188) şeir parçalarını pıçıltı ilə söyləyir. Əsərdə zülm ilə bir-birindən ayrılan baş qəhrəmanlar öz kədərli talelərinin acısını yaşamağa məhkumdurlar.

***

Sərginin kuratorları Fərəh Piriye və Anna Fexdir.

***

Redaktorlar üçün qeyd

Sərgi: "Zərif sərhədlər: İranın görün[məy]ən sərhədlərinə baxış"

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi (Dövlət Bayrağı Meydanı), Bayıl, AZ1003

Tarixlər: 22 noyabr 2019 - 16 fevral 2020

Sərginin iş rejimi: Çərşənbə axşamı - Bazar, 12:00 - 20:00

Giriş sərbəstdir