Tələbə qızlara qəsd...


Digərləri 22 Noy 2019 14:09:00 321 0

Tələbə qızlara qəsd...

Tələbə qızların zəhərlənməsi və ölümünə göstərilən səbəblər müəmmalıdır. Çünki qida zəhərlənməsi üçün burundan qan gəlməsi və bir gün öncə qızdırmanın müşahidə edilməsi xarakterik deyil.

Son.az xəbər verir ki, bu sözləri Axar.az-a tibb üzrə professor Adil Qeybulla Bakı Dövlət Universitetinin 2 saylı yataqxanasında qalan üç tələbə qızın qidadan zəhərlənməsi və birinin dünyasını dəyişməsi hadisəsinin səbəbləri barədə danışarkən deyib.

A.Qeybulla qeyd edib ki, qızların zəhərlənməsi ilə bağlı bütün deyilənlər ehtimal ola bilər və buna görə ölüm səbəbi mütləq şəkildə araşdırılmalıdır:

"Tələbələrdə çox güman ki, qida toksik infeksiyası olub. Ancaq bu da təbii ki, əsas səbəb deyil. Son sözü məhkəmə tibbi ekspertizası deməlidir. 3 tələbənin zəhərlənməsi və birinin dünyasını dəyişməsi adi hal olmadığına görə mütləq şəkildə autopsiya olmalıdır.

Ümumiyyətlə qeyd edim ki, zəhərlənmə və ölüm hadisəsinə göstərilən səbəblər müəmmalıdır. Məhkəmə tibbi ekspertizası olmasa, ölümə səbəb müəyyən edilməyəcək. Burada qəsd də ola bilər. 3 cavan tələbənin zəhərlənməsinin araşdırılması buna görə mütləqdir. Burada müəmmalı məsələ qızların hər üçündə də bir gün əvvəl qızdırmanın olmasıdır. Həmçinin onlar evdə huşsuz halda tapılarkən ağızlarından qan gəlməsi də müəmmalı məsələdir. Qida zəhərlənməsi üçün bu cür hallar xarakterik deyil. Ola bilər ki, boğulma olub. Bilirsiniz, tələbələrdə müşahidə edilən hallarla zəhərlənməyə səbəb kimi göstərilən hallar bir-birinə uyğun gəlmir".

Professor qeyd edib ki, əgər bir gün əvvəl tələbələr təcili yardım çağırıbsa və qızdırmaları olubsa, demək ki, problem özünü bir gün əvvəldən göstərib:

"Məsələn, elə toksiki maddələr olur ki, hemotoksin kimi, bu maddə damarlarda laxtalanmanı pozur və qanaxmalar olur. Bu zaman qan təzyiqi həddən artıq yüksək ola bilər və burundan, ağızdan qan gələ bilər. Ancaq bunun qızdırma ilə heç bir əlaqəsi yoxdur.