UNESKO Baş Konfransının Mədəniyyət üzrə Komissiyası öz işinə başlayıb FOTO


Digərləri 21 Noy 2019 21:59:00 326 0

UNESKO Baş Konfransının Mədəniyyət üzrə Komissiyası öz işinə başlayıb  FOTO

UNESKO Baş Konfransının Mədəniyyət üzrə Komissiyası öz işinə başlayıb. Komissiyanın iclası 20-22 noyabr tarixlərində keçirilir.

Mədəniyyət Nazirliyindən Son.az-a verilən məlumata görə, iclasda nazirliyin Aparat rəhbərinin müavini - Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə təmsil edir. Komissiyanın gündəliyinə UNESKO-nun Mədəni sərvətlərin qanunsuz idxalı, ixracı və onların üzərində mülkiyyət hüququnun başqasına verilməsinin qadağan edilməsinə və qarşısının alınması vasitələrinə dair 1970-ci il Konvensiyasının həyata keçirilməsinin gücləndirilməsi, üzv dövlətlərin Muzey və kolleksiyaların, onların müxtəlifliyi və cəmiyyətdə rolunun qorunması və təbliğinə dair 2015-ci il Tövsiyələrinin və Tarixi şəhər landşaftına dair 2011-ci il Tövsiyələrinin həyata keçirilməsi ilə bağlı hesabatlarının dinlənilməsi kimi məsələlər daxildir.

Müzakirələr zamanı digər ölkələrin nümayəndələri ilə yanaşı Azərbaycan tərəfindən çıxış edən V.Eyvazzadə 19 noyabr tarixində UNESKO baş qərargahında baş tutan üzv dövlətlərin Mədəniyyət nazirlərinin Forumun keçirilməsinin təqdirəlayiq hal olduğunu və növbəti illərdə də Baş Konfrans çərçivəsində bu ənənənin davam etdirilməsinin zəruri olduğunu qeyd etmişdir. V.Eyvazzadə yüzdən artıq ölkənin mədəniyyət sahəsinə məsul nazirlərinin iştirak etdiyi tədbirin keçirilməsi üçün bir günün kifayət etmədiyini və gələcək illərdə keçiriləcək Forumlar üçün daha artıq vaxt tələb olunduğunu diqqətə çatdırmışdır. O, həmçinin qeyd etmişdir ki, bu Forum üzv ölkələrə bir çox ikitərəfli görüşlərin keçirilməsi imkanları yaratmışdır.

İclas zamanı Azərbaycan tərəfindən UNESKO-nun Mədəni sərvətlərin qanunsuz idxalı, ixracı və onların üzərində mülkiyyət hüququnun başqasına verilməsinin qadağan edilməsinə və qarşısının alınması vasitələrinə dair 1970-ci il Konvensiyasının həyata keçirilməsi və monitorinq sisteminin gücləndirilməsi baxımından qərarların qəbul olunmasına dəstək ifadə edilmişdir.