Azərbaycan Ümumdünya Radiorabitə Konfransında iştirak edir


Digərləri 21 Noy 2019 19:36:45 317 0

Azərbaycan Ümumdünya Radiorabitə Konfransında iştirak edir

Misirin Şarm-əl-Şeyx şəhərində keçirilən Ümumdünya Radiorabitə Konfransı davam edir.

Bakı. Misirin Şarm-əl-Şeyx şəhərində keçirilən Ümumdünya Radiorabitə Konfransı davam edir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə ölkəmizi nazirliyin eləcə də Dövlət Radiotezliklər İdarəsinin nümayəndələri təmsil edirlər. Konfrans zamanı Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) 193 üzv dövlətinin nümayəndələri radiorabitə sahəsi üzrə yeni texnologiyalar, o cümlədən 2020-ci ildən geniş tətbiqi nəzərdə tutulan “5G” texnologiyasına radiotezliklərin və yüksək hündürlükdə platforma stansiyaları üçün yeni tezlik diapazonlarının ayrılması, peyk tətbiqi üçün yeni və təkmilləşdirilən texnologiyaların istifadəsini dəstəkləyən tənzimləmə tədbirləri kimi bir sıra məsələləri müzakirə edir. Həmçinin müxtəlif sahələrdə tətbiq olunacaq innovativ radiotexnologiyalar üçün radiotezliklərin müəyyənləşdirilməsi və onların tətbiqi zamanı qarşılıqlı maneə təsirlərinin yaranmaması üçün ölkələr arasında koordinasiya şərtlərinin müəyyən edilməsi və digər aidiyyəti məsələlərə dair fikir mübadiləsi aparılır. Konfrans zamanı gələcək texnoloji transformasiya perspektivləri də müzakirə olunur. Sonda işçi qrupları tərəfindən hazırlanmış sənədlər komitələrdə təsdiqlənərək plenar iclaslara təqdim olunur. Bu, gələcəkdə yeni radiorabitə sistemlərində tətbiq ediləcək radiotezliklərin qlobal harmonizasiyasına şərait yaradır. Ümumdünya Radiorabitə Konfransı həftə sonu öz işini bitirəcək.