"Arvadını sevirdim..." deyən kişiyə 3 bıçaq zərbəsi vurdu


Digərləri 21 Noy 2019 14:37:00 355 0

"Arvadını sevirdim..." deyən kişiyə 3 bıçaq zərbəsi vurdu

Quba rayonunda qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən 1983-cü il təvəllüdlü Sumqayıt şəhər sakini Bəhram Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az teleqraf.com-a istinadən xəbər verir ki, Bəhram Cəfərov əvvəllər dəfələrlə məhkumluq həyatı yaşayıb.

2008-ci ildə quldurluq və xuliqanlıq ittihamı ilə mühakimə olunub və 8 il 6 ay azadlıqdan məhrum edilib. 2015-ci ildə Xəzər rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl azadlığa buraxılıb.

Həbsdən azad olunduqdan sonra Quba rayonu, 1-ci Nügədi kəndində məskunlaşıb. Elə sonuncu cinayəti də Quba rayonunda törədib.

O, təxminən 2018-ci ilin sentyabrın əvvəllərində Quba şəhərindəki bazar ərazisində yerləşən "Dalğa" kafesində tanışı, 1986-cı il təvəllüdlü Səxavət Hüseynovla birlikdə spirtli içki içib.

İçki məclisində söhbət zamanı Səxavət Hüseynov Bəhram Cəfərovun arvadı Samirə (ad şərti verilib - red.) haqqında xoşagəlməz ifadələr işlədib. Səxavət Hüseynov əvvəllər onun arvadını sevdiyini, amma həmin qadının valideynləri evlənmələrinə razı olmadığını deyib.

Bundan sonra Samirə başqa bir kişi ilə ailə qurub. Amma uşağı olmadığı üçün boşanıb və Bəhram Cəfərova ərə gedib. Səxavət Hüseynov bu sözləri deməklə Bəhram Cəfərovu qıcıqlandırıb.

Oktyabrın 26-da, saat 18 radələrində Qubanın H.Əliyev prospektində bazarın yaxınlığında Səxavət Hüseynovla Bəhram Cəfərov yenidən rastlaşıb. Səxavət Bəhramın arvadı barədə eyni ifadələri yenidən işlədib.

Bundan əsəbləşən Bəhram Cəfərov Səxavət Hüseynovu öldürmək qərarına gəlib. Həmin gün o, niyyətini həyata keçirmək məqsədilə Səxavət Hüseynova heç kimin görə bilməyəcəyi kənar əraziyə, Quba rayonu Qəçrəş kəndi ərazisində yerləşən kafelərin birində birlikdə yemək yeməyi təklif edib.

Onlar birlikdə taksi ilə Qəçrəş kəndi istiqamətinə yollanıblar. Yolda Bəhram Cəfərov "Fovarit" marketin qarşısında avtomobili saxladıb və marketə daxil olub. O, marketdən bıçaq alıb.

Daha sonra həmin taksi ilə Quba-Xınalıq yolunun Qəçrəş kəndi ərazisindən keçən hissəsində yerləşən "Roman" kafesinə gəliblər. Birlikdə yemək yeyib, spirtli içki qəbul ediblər. Sərxoş vəziyyətə düşdükdən sonra kafedən çıxıblar, birlikdə Xınalıq kəndi istiqamətində piyada bir qədər hərəkət ediblər.