“Dubai Air Show 2019” sərgisində “Azərbaycan Hava Yolları” bir sıra önəmli razılaşmalara imza atıb FOTO


Digərləri 21 Noy 2019 14:01:00 308 0

“Dubai Air Show 2019” sərgisində “Azərbaycan Hava Yolları” bir sıra önəmli razılaşmalara imza atıb  FOTO

21 noyabr 2019-cu il, Dubay - Birləşmiş Ərəb Əmirliklərinin ən böyük şəhəri Dubayda dünyanın ən nüfuzlu və əlamətdar aviakosmik tədbirlərindən biri olan illik "Dubai Air Show 2019" aviasalonu və sərgisi keçirilir. Sərgidə aviasiyanın müxtəlif sahələrindən olan şirkətlərin təmsil etdiyi 60-dan çox ölkə iştirak edir.

Sərgidə "Azərbaycan Hava Yolları"nın vitse-prezidenti Eldar Hacıyevin başçılıq etdiyi nümayəndə heyəti iştirak etmişdir.

Azərbaycan nümayəndə heyəti "Boeing" şirkətinin rəhbərliyi ilə uzaq magistrallı "Boeing 787 Dreamliner" təyyarələrinin təchizatı ilə bağlı görüşmüşdür. Bu tipli iki təyyarə Azərbaycanın milli aviadaşıyıcısı tərəfindən artıq istifadə olunmaqdadır.

Sərgi çərçivəsində Eldar Hacıyev "Airbus" konsernin kommersiya direktoru Kristian Şerer (Christian Scherer) ilə görüşmüşdür. Danışıqların əsas mövzusu "Airbus A320Neo" və "Airbus А220" kimi yeni nəsil təyyarələrin texniki və kommersiya xüsusiyyətləri ilə tanışlıq olmuşdur. Avropanın aparıcı təyyarə konserninin bu təyyarələri özlərini doğrultmuş və öncəki nəsil təyyarələrin təkmilləşdirilmiş versiyasıdır. "Airbus" şirkəti artıq bu təyyarənin təchizatı ilə bağlı dünyanın müxtəlif aviaşirkətlərindən çoxlu sayda sifariş almışdır. 

Azərbaycan nümayəndə heyəti aviasalonda bir sıra nəhəng maliyyə şirkətləri ilə təyyarə parkının yenilənməsi proqramlarının maliyyələşdirilməsi ilə bağlı danışıqlar aparmışdır. Hava gəmilərinin istismarının iki növü nəzərdən keçirilmişdir - əməliyyat və maliyyə lizinqi.

Həmçinin AZAL-ın aviasalonda iş proqramı çərçivəsində pilotların təlim və lisenziyalaşdırılması üçün mülki aviasimulyatorların "FlightSafety International" kimi aparıcı təchizatçıları ilə danışıqlar aparılmışdır. Milli Aviasiya Akademiyası üçün "Embraer E190-E1" aviasiya trenajorunun əldə edilməsi gözlənilir. Yeni trenajor kompleksi "Buta Airways" aviaşirkətinin pilotlarının tam təlim və lisenziyalaşdırılması üçün imkan yaradacaq. 

AZAL-ın nümayəndə heyəti Dubayda "GE Aviation" şirkətinin vitse-prezidenti Ceyson Toniç (Jason J Tonich) ilə danışıqlar aparmışdır. "GE Aviation" müxtəlif modifikasiyalı, həmçinin "Azərbaycan Hava Yolları"nın donanmasına daxil olacaq yeni sərnişin təyyarələrinin mühərriklərinin aparıcı təchizatçılarındandır.