VI "Alüminium" Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesinin rəsmi açılışı olub


Digərləri 21 Noy 2019 12:50:04 330 0

VI "Alüminium" Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesinin rəsmi açılışı olub

​Bu gün Muzey Mərkəzində VI "Alüminium" Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesinin rəsmi açılış mərasimi keçirilib.

Bu gün Muzey Mərkəzində VI "Alüminium" Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesinin rəsmi açılış mərasimi keçirilib.

''Report'' xəbər verir ki, tədbirdəMədəniyyət naziri Əbülfəs Qarayev, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin (DTMQİ) İdarə Heyətinin sədri Əsgər Ələkbərov və digərləri iştirak ediblər.

Ə.Qarayev biennalenin yaradıcılıq baxımından insanlara xoş anlar yaşamağa imkan verəcəyinə ümid etdiyini bildirib: "Tədbirdə17 ölkədən 40-a yaxın rəssam iştirak edir. Eyni zamanda30-a yaxın azərbaycanlı rəssam öz əsərlərini nümayiş etdirəcək. Onlar müasir incəsənət növünün müxtəlif formalarından istifadə edərək öz yaradıcılıq nümunələrini təqdim edəcəklər. Artıq Azərbaycanda da müasir incəsənət mövzusunun müxtəlif formalarda özünü büruzə verməsinə görə sevinirik. Heydər Əliyev Fondu, Müasir İncəsənət Müzeyi, "Yarat" müasir incəsənət məkanı çox dəyərli layihələr həyata keçirir. Həmin mərkəzlərdə müasir incəsənət ustalarının sərgiləri keçirilir. Bu layihələr Azərbaycan incəsənətinin dünyada tanınması üçün əvəzsiz rol oynayır. Budəfəki biennalenin mövzusu özünüdərklə bağlıdır".

F.Xəlilov rəssamların görüşünün hər zaman yaddaqalan olduğunu söyləyib: "Çünki rəssamlıq heç bir sərhəd tanımır, onun tərcüməyə ehtiyacı yoxdur. Mən də özümü müasir rəssam sayır və hər dəfə rəssamların görüşünü böyük bayram hesab edirəm. Bu baxımdan, "Alüminium" VI Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesi də müstəsna rol oynayacaq".

Ə.Ələkbərov Bakının əsrlər boyu İpək Yolunun üzərində vacib mədəniyyət mərkəzi kimi tanındığını qeyd edib: "Üç dinin qovuşduğu bu şəhərdə sənətkarlar öz əsərlərini təqdim ediblər. Bakı bu gün də müasir incəsənət əsərlərinin təbliği üçün uyğun məkandır. Hesab edirəm ki, bu kimi tədbirlərin keçirilməsi Azərbaycanın tolerant bir ölkə olmasının təzahürüdür".

Daha sonra qonaqlar Muzey Mərkəzində sərgi ilə tanış olublar.

Qeyd edək ki, "Alüminium" VI Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesi noyabrın 25-dək davam edəcək.