Honq Konqda universitetdə tələbələrlə polis arasında qarşıdurma davam edir


Dünya 19 Noy 2019 22:06:00 322 0

Honq Konqda universitetdə tələbələrlə polis arasında qarşıdurma davam edir

Honq Konqda çərşənbə axşamı bir sıra tələbə polisin qurduğu barrikadanı aşmağa çalışıb. Honq Konq Universiteti iğtişaş polisi tərəfindən barrikadaya alınıb və universitetdə 200-dən az tələbə qalıb.

Tələbələrlə birlikdə Honq Konq Politexnik Universitetində olan Amerikanın Səsinin Kanton xidmətinin müxbiri Ayris Tonq oradakı vəziyyəti "çarəsizlik" kimi dəyərləndirib və azı iki gənc yeniyetmənin intihar etməklə hədələdiyini bildirib.

"Bir oğlan boğazına bıçaq dirəmişdi. Onun boynundan qan gəlmirdi, amma o, özünü öldürmək istədiyini deyirdi. Başqa insanlar ona buna ehtiyacın olmadığını və bıçağı yerə atmasını söyləyirdilər", Tonq bildirib.

Polis bazar günündən etibarən etirazçılara evdə hazırladıqları silahları atmalarına və kampusu tək bir çıxışdan tərk etmələrinə göstəriş verib. Orada onlara qarşı iğtişaşla əlaqədar ittihamların irəli sürüləcəyi güman edilir. Çərşənbə axşamı artıq yüzlərlə etirazçı yerli rəsmilər və icma liderləri ilə danışıqlardan sonra universiteti tərk etməyə razılaşıb.

Bir çox digərləri isə kampusun ətrafındakı təhlükəsizlik kordonunu yan keçərək onları yolda gözləyən motosikletlərə doğru qaçaraq, kampusdan uzaqlaşmağa çalışıb. Polis qaçmağa çalışanlara qarşı gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə edib.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, ötən həftə yüzlərlə tələbə kampusda barrikalar quraraq, kərpic, ox və molotov kokteyli kimi silahlar toplayıblar. Tonqun sözlərinə görə kampusda artıq 100-ə yaxın tələbə qalıb. Amma onun təxmininə görə, "onlardan sadəcə yarısından azı polislə qarşıdurmaya hazırdır".