ABŞ tərəfindən axtarışda olan pakistanlılar Azərbaycanda saxlanılıblar


Digərləri 19 Noy 2019 14:52:00 281 0

ABŞ tərəfindən axtarışda olan pakistanlılar Azərbaycanda saxlanılıblar

Bakı Ağır Cinayətlər Məhkəməsində Pakistan vətəndaşları - 1982-ci il təvəllüdlü Asif Muhammad Anjum və 1985-ci il təvəllüdlü Khani Shah Navazın ABŞ-a təhvil verilməsi üçün Azərbaycanın Ədliyyə Nazirliyinin təqdimatına baxılıb.

Son.az APA-ya istinadən xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Ədliyyə Nazirliyinin, Baş Prokurorluğun nümayəndələri, ABŞ və Pakistanın Bakıdakı səfirliklərinin əməkdaşları da iştirak ediblər.

Məlum olub ki, Pakistan vətəndaşları haqqında Amerikanın Nyu-York ştatının Ali Məhkəməsinin qərarı var. Onlar şəxsi məlumatların ələ keçirilməsi, dələduzluq, oğurluq kimi əməlləri törətməkdə ittiham edilirlər. ABŞ tərəfindən beynəlxalq axtarışa verilən bu şəxslər bir neçə ay əvvəl Azərbaycanda saxlanılıblar.

Pakistan vətəndaşları isə ittihamla razılaşmır və heç vaxt ABŞ-a getmədiklərini bildiriblər. Onlar Azərbaycanda saxlanılmalarını istəyiblər.