Patoloji affekt halı psixi travma nəticəsində əmələ gəlir


Digərləri 18 Noy 2019 23:30:00 333 0

Patoloji affekt halı psixi travma nəticəsində əmələ gəlir

Affekt emosiya deməkdir. İnsanı coşqun və sürətli qaplayan, eyni zamanda, nisbətən qısamüddətli partlayış səciyyəsi daşıyan emosional prosesdir. Məsələn, qəzəb, qorxu, hiddət bu qəbildəndir. Bu növ affektlər fizioloji affekt adlanır və psixikanın xəstəliyinə aid deyil.

Son.az bildirir ki, bu barədə AZƏRTAC-a Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının professoru, tibb elmlər doktoru Zəfər Əliyev məlumat verib.

Professor bildirib ki, affektin fizioloji və patoloji növləri var: Fizioloji affekt psixi xəstəliklə əlaqəsi olmayan, xəstəlik xarakteri daşımayan emosional vəziyyətdir. Patoloji affekti fizioloji affektdən fərqləndirən başlıca əlamət birincidə düşüncənin dərin pozulmasıdır. Fizioloji affekt zamanı şəxs törətdiyi hərəkətləri dərk edir, amma bu zaman öz hərəkətlərinə nəzarət və onları idarə etmək qabiliyyəti zəifləyir. Fizioloji affekt vaxtı hadisələrin bəzi detalları unudulur. Beləliklə, fizioloji affekt insanın düşüncəsində pozuntu yaranmasa da, onu qismən dəyişir. Affektin yaranmasının iki əsas səbəbinin olduğu ehtimal edilir. Birinci səbəb affektin yaranması üçün affektogen şəraitin olmasıdır. Yəni, affekt vəziyyəti zorakılığa, təhqirə, qorxuya, real təhlükəyə qarşı yaranır. İkinci səbəbə insanın fərdi-psixoloji xüsusiyyətləri, yəni, sinir sisteminin tipi və əsas xassələri, müvəqqəti psixofiziki hallar, yorğunluq, yuxusuzluq və s. aiddir.

Patoloji affekt isə qısamüddətli psixotik vəziyyət olmaqla psixi travma nəticəsində əmələ gəlir. Affektin bu növündə insan kiminləsə mübahisə edərkən özünə, ya da qarşısındakına xəsarət yetirir. Bir neçə saniyə, yaxud dəqiqə davam edən affekt halından sonra isə yuxu yaranır. Yuxudan oyanandan sonra həmin şəxs heç bir şey xatırlaya bilmir.

(adsgarden = window.adsgarden || []).push({});