26 ölkədən batutçular, 48 ölkədən idman gimnastları Bakıdakı yarışlara hazırlaşır


Digərləri 18 Noy 2019 12:15:00 250 0

26 ölkədən batutçular, 48 ölkədən idman gimnastları Bakıdakı yarışlara hazırlaşır

Azərbaycan Gimnastika Federasiyası üçün 2020-ci təqvim ili də beynəlxalq tədbirlərlə zəngin olacaq.

Bakı. Azərbaycan Gimnastika Federasiyası üçün 2020-ci təqvim ili də beynəlxalq tədbirlərlə zəngin olacaq. Trend-in məlumatına görə, növbəti ildə federasiya tərəfindən nə az, nə çox, Dünya və Avropa Çempionatları da daxil tam 8 beynəlxalq yarış təşkil ediləcək. İlk olaraq beynəlxalq yarışlara batut gimnastikası və tamblinq üzrə lisenziya xarakterli Dünya Kuboku ilə start veriləcək. 15-16 fevral tarixlərində keçiriləcək bu yarışda ilkin qeydiyyat siyahısına əsasən artıq 26 ölkə iştirakını təsdiq edib. Yarışda təxminən 238 gimnast da daxil nümayəndə heyətləri tərkibində ümumilikdə 400-dən çox şəxsin iştirakı gözlənilir. Mart ayında Milli Gimnastika Arenasında (MGA) baş tutacaq növbəti yarışlar isə kişi idman gimnastikası üzrə “AGF Junior Trophy” adlı beynəlxalq turnir və Tokio-2020 Olimpiya Oyunlarına daha bir lisenziya xarakterli yarış – idman gimnastikası üzrə Dünya Kubokudur. “AGF Junior Trophy” turniri 7-8 mart, Dünya Kuboku isə 1 həftə sonra - 12-15 mart tarixlərində təşkil ediləcək. İlkin qeydiyyat siyahısına əsasən Dünya Kubokunda iştirak etmək istəyən ölkələrin sayı 48-dir. Bu yarış üçün 321 gimnastın da daxil olduğu nümayəndə heyətlərinin tərkibində təxminən 760 şəxs Bakıya təşrif buyuracaq. Bədii gimnastika üzrə yarışlar isə ənənəyə uyğun olaraq aprel ayında keçiriləcək. 17-19 aprel tarixlərində Bakıda ilk dəfə Yana Batırşinanın Mükafatları uğrunda bədii gimnastika üzrə 7-ci Açıq turnir, 24-26 aprel tarixlərində isə bədii gimnastika üzrə ənənəvi Dünya Kuboku təşkil olunacaq. Qeyd edək, bədii gimnastika üzrə ənənəvi Dünya Kubokunun iştirakçıları da Olimpiadaya vəsiqə qazanmaq şansı əldə edəcəklər. Bu yarış üzrə ölkələrin ilkin iştirak siyahısı isə dekabrda bəlli olacaq.