"Olimpiadada erməni iştirakçıların hamısını qabaqladım" Olimpdəkilər FOTO


Digərləri 16 Noy 2019 20:35:00 317 0

"Olimpiadada erməni iştirakçıların hamısını qabaqladım"  Olimpdəkilər  FOTO

Ramil Xammədov: Əgər qalib olmaq istəyirsinizsə, rahatlığınızı qurban verməlisiniz

Son.az kaspi.az-a istinadən yazını təqdim edir. 

4 il fasilədən sonra biologiya olimpiadasında qızıl medal qazanıb. Üstəlik, bunu cəmi 1 il hazırlaşaraq əldə edib. Deyir ki, maraq üçün qatıldığı yarış onun həyatını dəyişib: "Olimpiada çox çətin bir mərhələdir. Həqiqətən böyük məsuliyyət tələb edir. Bir az məsuliyyətsizlik nəticə əldə etməyə mane olacaq. Ən əsası özünə inamdır. Özünə inamla bərabər, kifayət qədər çalışdıqda, oxuduqda, mümkünsüz heç nə yoxdur".

Müsahibimiz beynəlxalq olimpiada qalibi Ramil Xammədovdur.   Ramil 2002-ci ildə Bakıda anadan olub. 2008-ci ildə 99 saylı orta məktəbə daxil olub. 4 il həmin məktəbdə təhsil aldıqdan sonra Dəyanət liseyində təhsilini davam etdirib. Hazırda Azərbaycan Tibb Universitetində Müalicə işi fakültəsinin birinci kurs tələbəsidir. 10-cu sinifdə biologiya fənni üzrə respublika olimpiadasının bürünc medal mükafatçısı olub. 11-ci sinifdə isə biologiya fənni üzrə olimpiadada birinci yerə sahib olaraq, qızıl medal alıb. Həmsöhbətimiz, həmçinin 11-ci sinifdə "Əlaçı" televiziya verilişinin qalibi olub.

- 10-cu sinifdən olimpiadalarda iştirak edirsiniz. Adətən olimpiadaya hazırlıq mərhələsi 7, 8-ci siniflərdən başlayır...

- Düzdür. Olimpiadada iştirak edib qalib gəlmək üçün aşağı siniflərdən məşğul olmaq lazımdır. Nəinki 7, 8-ci siniflər, mənim 9-cu sinfə qədər olimpiada ilə bağlı təsəvvürüm belə yox idi. Kənardan belə yarışların keçirilməsini eşitsəm də, heç vaxt iştirak etməyə marağım olmayıb. 9-cu sinifdə məktəbdən məlumat verdilər ki, olimpiadaya qatılmaq istəyən uşaqlar adlarını bildirsin. 9-cu sinifdə səhv edərək Azərbaycan dili üzrə yarışa getməyə qərar verdim. Nəticə əldə etmədiyimi görüb, 10-cu sinifdə şansımı biologiya fənni ilə sınamağa qərar verdim. Gördüm ki, biologiya məndə alınır və ona görə də təkmilləşdirib, daha yüksək nəticələr əldə etməyə nail oldum.

- İlk uğursuzluq necə təsir etdi?

- Əslində bütün fənləri eyni səviyyədə bilirdim. Düzünü desəm, ilk dəfə uğursuz nəticəni gördükdən sonra həvəsim xeyli azaldı. Amma düşündüm ki, şansımı yenə sınayım. Yenidən olimpiadalara qatılmaq vaxtı gələndə, fənnimi dəyişmək qərarına gəldim. Çünki Azərbaycan dilini yaxşı oxusam da, məndə alınmırdı, nailiyyət əldə edə bilmirdim. Biologiyanı seçdim. Biologiyanı çox sevirdim, amma marağımın çox olmasına baxmayaraq, mənə hər zaman çətin fənn kimi gəlirdi. Uşaqlıqdan həkim olmaq istədiyim üçün bu fənnə xüsusi hazırlaşırdım. Fənni yaxşı bilsəm də, düşünürdüm ki, olimpiada səviyyəsində nailiyyət əldə edə bilmərəm. Özümə qarşı inamsızlıq da var idi. Lakin birinci rayon mərhələsində imtahandan keçməyim, ilk uşaqların siyahısına düşməyim mənim üçün motivasiya oldu. Sonra ailəmin də dəstəyi ilə daha ciddi hazırlaşmağa başladım. Əslində hamı mənə deyirdi ki, gec başladığın üçün qalibiyyət əldə edə bilməyəcəksən. Çünki şagirdlər ən azı 3 il hazırlıq mərhələsi keçirlər. Mən isə cəmi 1 il hazırlaşdım. Artıq bu məndə məqsədə çevrilmişdi. Özümə inanmağa başladım. Düzdür, gec başlamağın da öz çətinlikləri var idi. Üstəlik, olimpiada ilə bərabər, qəbul imtahanına da hazırlaşırdım. Bu mənə çox mane oldu. Amma təslim olmadan sona qədər gedə bildim.   - Siz həm də Azərbaycanın "Biologiya" komandasına 4 il sonra qızıl medalı gətirən olimpiadaçısınız.