Asiya İnkişaf Bankının “Texniki dəstək” layihəsinin təqdimetmə mərasimi keçirilib (FOTO)


Digərləri 13 Noy 2019 20:22:34 224 0

Asiya İnkişaf Bankının “Texniki dəstək” layihəsinin təqdimetmə mərasimi keçirilib (FOTO)

Layihə vergi orqanlarının inzibatçılıq potensialının artırılmasına yönəlmiş müxtəlif komponentləri əhatə edir

Bakı. Noyabrın 13-də Bakıdakı “Hilton” hotelində Asiya İnkişaf Bankının “Texniki dəstək” layihəsinin (TA 9799-AZE) təqdimetmə mərasimi keçirilib. Vergilər Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə açılış nitqi ilə çıxış edən Asiya İnkişaf Bankının rezident missiyasının Azərbaycan üzrə direktoru Nəriman Mannapbekov layihə barədə məlumat verib. O, bu layihənin Azərbaycan üçün əhəmiyyətini vurğulayaraq, Asiya İnkişaf Bankı ilə müzakirələrdə müəyyən edilmiş istiqamətlər barədə danışıb. Tədbirdə çıxış edən Vergilər nazirinin birinci müavini Sahir Məmmədxanov Asiya İnkişaf Bankı və Koreya Respublikasının Bilik Tərəfdaşlığı Fondu ilə həyata keçirilən “Vergi siyasəti və inzibatçılığı potensialının gücləndirilməsi” adlı layihə barədə söz açıb. Qeyd edilib ki, indiyədək Asiya İnkişaf Bankı Azərbaycan hökuməti ilə iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq edib, o cümlədən texniki yardım layihələrini icra edib: “Bununla belə, hazırda açılışını etdiyimiz layihə Asiya İnkişaf Bankı ilə Azərbaycanın vergi orqanı arasında ilk texniki yardım layihəsidir”. Diqqətə çatdırılıb ki, vergi orqanlarının inzibatçılıq potensialının artırılmasına yönəlmiş müxtəlif komponentləri əhatə edən layihənin qarşıdakı 2 il ərzində həyata keçirilməsi nəzərdə tutulub. Texniki yardım aləti əsas etibarilə vergi orqanlarının fəaliyyət istiqamətlərini əhatə etsə də, Azərbaycan Respublikası Maliyyə Nazirliyi də aidiyyəti sahələr üzrə benefisiar qurum qismində çıxış edir. Bankın faktaraşdırıcı missiyası tərəfindən müasir dövrün çağırışlarına uyğun vergi orqanlarında təkmilləşdirilmə zərurəti olan sahələr üzrə üç mühüm komponent müəyyən edilib. Bunlar insan resursları və fəaliyyətin idarə olunması; vergi ödəyicilərinə xidmət və könüllü əməletmə; habelə əməl etməmə halları ilə səmərəli mübarizə kimi istiqamətləri əhatə edir.