Ağcabədidə 18 km uzunluğunda yerli əhəmiyyətli yol yenidən qurulub (FOTO)


Digərləri 13 Noy 2019 16:43:39 321 0

Ağcabədidə 18 km uzunluğunda yerli əhəmiyyətli yol yenidən qurulub (FOTO)

Yerli əhəmiyyətli yolların əsaslı şəkildə təmiri layihələri çərçivəsində Ağcabədi rayonunda Boyat-Biləyən-Hacılar-Qaraxanlı marşrutu üzrə yaşayış məntəqələrini əhatə edən avtomobil yolları yenidən qurulub.

Bakı. Samir Əli - Yerli əhəmiyyətli yolların əsaslı şəkildə təmiri layihələri çərçivəsində Ağcabədi rayonunda Boyat-Biləyən-Hacılar-Qaraxanlı marşrutu üzrə yaşayış məntəqələrini əhatə edən avtomobil yolları yenidən qurulub. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, uzunluğu 18 km olan yerli əhəmiyyətli Boyat-Biləyən-Hacılar-Qaraxanlı avtomobil yolu respublika əhəmiyyətli R33 Ağdam-Hindarx-Ağcabədi avtomobil yolundan ayrılır. Məhz bu üzdən yolun əsaslı şəkildə bərpası yol boyu 4 yaşayış məntəqəsində yaşayan əhalinin sevincinə səbəb olub. Layihəyə uyğun olaraq yol bir-neçə marşrut üzrə V texniki dərəcədən IV texniki dərəcəyə uyğun təkmilləşdirilib. Bu 4.2 km Boyat, 4 km Qaraxanlı və 3.1 km uzunluğa malik Hacılar kəndlərinə gedən və kənlərin daxili avtomobil yolları, həmçinin Biləyən kəndinin 6.7 km uzunluğa malik yoludur. Uzun illər təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən qara və çınqıl örtüklü olan avtomobil yolları yararsız vəziyyətdə idi. Kəndlərə gedən və kənddaxili avtomobil yollarında torpaq yatağının orta eni 5.2-7.5 m təşkil edirdi. Yolun əkin sahələrindən keçən hissələrdə yol yatağı suvarma və qurunt sularının təsirinə məruz qalaraq yararsız hala düşmüşdür. Bu hissələrdə torpaq yatağının yerin təbii relyef səviyyəsindən qaldırılaraq təmiri vacib idi. Yolun bəzi hissələrində uzunluğu 305 m olan dərələr yerləşir və torpaq yatağının eni burada 5-6 m təşkil edirdi. Bu hissələrdə torpaq yatağının enini almaq məqsədilə yararlı qrunt gətirilərək tökmədən istifadə etmək lazım idi. Həmçinin təhlükəsizlik məqsədilə hər iki tərəfdə əyrixətli dəmir tirlərin quraşdırılması vacib idi. Birbaşa olaraq vətəndaşların rahat gediş-gəlişinə maneə yaradan bu çatışmazlıqları aradan qaldırmaq məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən əraziyə lazımi sayda qüvvə cəlb edilməklə yenidənqurma işləri həyata keçirildi. Bu işlər çərçivəsində yararsız qara örtüyün mexanizmlə sökülüb, yolun deformasiyaya uğramış hissələrinin ekskovatorla qazılıb çıxarılıb, yolun dərədən keçən hissəsinin və torpaq yatağının yerin təbii relyef səviyyəsindən qaldırılaraq təmiri aparılıb, daha sonra karxana çınqılı ilə qazılmış və yuyulmuş hissələr doldurulub, torpaq yatağının bərpası işləri görülüb.