Bakı məhkəməsi ilk dəfə onlayn rejimdə ömürlük məhkumların iddialarına baxacaq


Digərləri 13 Noy 2019 13:40:00 271 0

Bakı məhkəməsi ilk dəfə onlayn rejimdə ömürlük məhkumların iddialarına baxacaq

Qobustan Qapalı Həbsxanasında saxlanılan və ömürlük azadlıqdan məhkum edilmiş məhkumların sağlamlıqlarına vurulan zərərlə bağlı iddialarına bu gün 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində baxılacaq.

Azərbaycan məhkəmə prosesləri tarixində ilk dəfə olaraq mühakimə olunanların iştirakı videobağlantı vasitəsilə onlayn təmin ediləcək.   

Son.az xəbər verir ki, bu barədə oxu.az-a məhkumların yaxınları məlumat verib.

1971-ci il təvəllüdlü Natiq Mirzəyev və kamera yoldaşı, 1977-ci il təvəllüdlü Namiq Vəliyev məhkəməyə müraciət ediblər. Onlar cəzaçəkmə müəssisəsindəki dəhşətli saxlanma şəraitindən şikayət ediblər. Qeyd ediblər ki, bunun nəticəsində dəmir barmaqlıqlar arxasında tutulduqları bütün xəstəliklər xroniki mərhələyə keçib. Bundan əlavə, dustaqlar keyfiyyətsiz qidadan da şikayət ediblər.

22 ili dəmir barmaqlıqlar arxasında keçirən Natiq Mirzəyev məhkəməyə verdiyi iddia ərizəsində ona dəyən ziyanı 15 min avro dəyərləndirərkən, 24 ildir həbsdə olan Namiq Vəliyev sağlamlığına dəyən ziyanı ödəmək üçün 20 min avro tələb edib.

Məhkəmə iclası saat 16:00-a təyin olunub.

Qeyd edək ki, N.Mirzəyev 1997-ci ildə tutulub və Cinayət Məcəlləsinin bir sıra maddələri, o cümlədən, şəxsi mənfəət üçün odlu silahdan istifadə ilə törədilmiş qəsdən ağırlaşdırılmış qətl maddəsi ilə 2000-ci ildə məhkum edilib. Cinayət 1994-cü ildə törədilib.