Sağlamlıq imkanları məhdud uşaqlara müavinət və ona qulluq edənə təqaüdün təyinatı elektronlaşdırıldı


Digərləri 13 Noy 2019 11:42:00 261 0

Sağlamlıq imkanları məhdud uşaqlara müavinət və ona qulluq edənə təqaüdün təyinatı elektronlaşdırıldı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial təminat sistemi üzrə xidmətlərin avtomatlaşdırılması istiqamətində daha bir addım kimi, sağlamlıq imkanları məhdud uşağa müavinət və ona qulluq edənə təqaüdün elektron təyinat mexanizmi işə salınıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Himalay Məmişov mətbuat konfransında deyib.

Onun sözlərinə görə, dövlət başçısının tapşırığına əsasən, 2019-cu ilin əvvəlindən ölkəmizdə ilk proaktiv xidmət kimi, pensiyaların avtomatlaşdırılmış qaydada təyinatı mexanizminə keçilib: "Bu il ərzində pensiyaya çıxan vətəndaşlarımızın 80 faizi e-pensiya sistemi ilə əhatə olunur və cari ilin ötən dövründə artıq 15 min şəxsə e-qaydada pensiya təyin olunub".

H.Məmişov 2019-cu ilin ilk aylarından sosial müavinət və təqaüdlərin elektron təyinatı infrastrukturunun qurulmasına başlanıldığını deyib. Bildirib ki, onlardan uşağın doğulmasına görə birdəfəlik müavinətin e-təyinatı sistemi ötən ay istifadəyə verilib və e-qaydada 7 minədək bu növ təyinat aparılıb. Növbəti addım kimi daha iki sosial təminat növü - sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa aylıq müavinət və həmin uşağa qulluğa görə Prezidentin aylıq təqaüdünün elektron təyinatı mexanizmi hazırlanaraq işə salınıb.