Hər şeyini inadına borclu olan müəllim Örnək FOTO


Digərləri 13 Noy 2019 07:28:00 368 0

Hər şeyini inadına borclu olan müəllim  Örnək  FOTO

Elnarə Məhərrəmova: "Mən məhdudiyyətlərimlə bunu etməyə çalışarkən, siz nə üçün azadlığınızı xərcləyirsiniz?" 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

"Həyatımda heç vaxt "küsdüm, oynamıram" demədim.  Bu kəndə bir məqsədlə gəldim - bura məni istədiyim yerə götürə biləcək tunel kimi baxıram. Bu qədər uzağa gəlməyimin, həftəyə 20 saat dərs yükü götürməyimin, hər gün rayondan kəndə qədər 22 km yol getməyimin tək səbəbi var: Mən zəif deyiləm". Müsahibimiz kimya müəllimi Elnarə Məhərrəmovadır.

Elnarənin 24 yaşı var. Bakı Mühəndislik Universitetinin kimya müəllimliyi ixtisasını bitirib. Bu il MİQ (müəllimlərin işə qəbul) imtahanından 56 bal toplayaraq Zaqatala rayon Ələddin Cavadov adına Bəhmətli kənd tam orta məktəbində işə qəbul olunub.

- Nə üçün müəllimlik? Müəllim olmaq sizin üçün nə ifadə edir?

- Əslində fiziki məhdudiyyətli olduğum üçün abituriyentlik illərində peşə seçməkdə qərarsız qaldım. Uşaq vaxtı cərrah olmaq istəyirdim, lakin cərrahlıq fiziki güc tələb edir. Daha sonra düşündüm ki, fiziki gücümü də nəzərə alacaq bir peşə seçim. 10-cu sinifdə oxuyanda, kimyanı yaxşı bildiyim üçün mühəndis olmaq qərarına gəldim. Daha sonra yenə ağlımdan fiziki məhdudiyyətimlə əlaqəli düşüncələr keçməyə başladı və "zəifliyimə görə iş tapa bilmərəm" deyib, çox qorxdum. Dedim, madam ki, kimyanı yaxşı bilirəm, niyə kimya müəllimi olmayım? Hələ 3-cü sinifdə oxuyanda müəllimimiz hər uşağa test hazırlamağı tapşırdı. Kimin sualları yaxşı olsa, digərlərini o suallarla imtahan edəcəkdi. 20 uşaq arasından müəllim mənim suallarımı bəyəndi və digərlərini suallarımla imtahan etdi. Hələ o zaman valideynimə "sənin qızından yaxşı müəllim olar" demişdi. Öyrətmək hələ uşaqlıqdan ruhuma işləmişdi. Sinif yoldaşlarıma daim dərslərində kömək edərdim. 11-ci sinifdə qərara gəldim ki, müəllimliyi seçim. Həm fiziki cəhətdən əziyyətli deyil, həm də məndə öyrətmək eşqi var. Hətta fiziki məhdudiyyətli müəllim olaraq, çox şey edəcəyimi düşündüm. İstər-istəməz, fiziki məhdudiyyətimlə uşaqların diqqətini cəlb edəcəyəm. Bu, onları düşünməyə vadar edəcək. Bəlkə də mənə baxıb özündə müsbət dəyişikliklər edənlər çox olacaq. Axı müəllimlik  elə bir peşədir ki, sırf insan həyatına toxunursan. Heç vaxt fiziki məhdudiyyətliyəm deyə, oturaq iş düşünmədim. İnsanlarla işləmək, hələ hər il dəyişəm fərqli xasiyyətli şagirdlərlə ünsiyyətdə olmaq, onları öyrətmək mənim həyatımı da rəngləndirir. 

- Yüksək bal toplamağınıza baxmayaraq, şəhər məktəblərini deyil kənd məktəbini seçibsiniz...

- Universiteti ortalama 91 bal ilə bitirsəm də, 1 il işsiz qaldım. İş tapa bilmədiyimə görə, məyus olurdum. Çalışırdım ki, bunu fiziki vəziyyətimə bağlamayım. Sırf buna görə, özümü kimlərəsə sübut etmək ehtiyacı yarandı. Boyum balaca olduğu üçün ilk baxışdan heç kimin ağlına, mənim müəllim ola biləcəyim gəlmirdi. Məni daha çox şagird zənn edirdilər. Zəif görüb "bacara bilməz" deyənlər əlbəttə ki, çox idi. Qətiyyən insanların düşüncələrinə köklənmədim. Mənim üçün əhəmiyyətli olan öz hisslərimdir. Həyatımda heç vaxt "küsdüm, oynamıram" demədim. Bu kəndə bir məqsədlə gəlmişəm. Bura məni istədiyim yerə götürə biləcək tunel kimi baxıram. Bu qədər uzağa gəlməyimin, həftəyə 20 saat dərs yükü götürməyimin, hər gün rayondan kəndə qədər 22 km yol getməyimin tək səbəbi var: Mən zəif deyiləm. İlk dəfə gələndə çox yaxşı qarşılandım. 56 balla şəhərdən kəndə gəlməyim, insanları təəccübləndirirdi.

- Bəs uşaqların reaksiyası necə oldu? Fiziki məhdudiyyətli müəllimlə qarşılaşanda sözləri və davranışları ilə sizi incitmədilər ki?

- Dərs dediyim ilk gündən uşaqlarla aramızda qəribə sevgi bağı yarandı. Uşaqlar ilk 45 dəqiqədən sonra dedilər ki, gələn il də onlara dərs deyim. Açığı, bu qədər sevilməyi gözləmirdim. Düzünü desəm, az da olsa, məni incidəcəklərini düşünmüşdüm. Fiziki məhdudiyyətli olduğum üçün ələ salan, lağ edənlərin olacağını da güman edirdim. Buna görə də, özümü psixoloji cəhətdən hazırlamışdım. Bu qədər hörmətin qarşısında özüm də təəccübləndim. Bir də hiss etdim ki, müəllim kollektivi mənimlə bağlı uşaqlara məlumat verib və tapşırıblar ki, incitməsinlər. Məncə, etməsələr də olardı. Çünki uşaqlar həqiqətən çox ürəyi təmiz, mədəni, tərbiyəli idilər.  Nə balacası, nə böyüyü, heç birindən artıq-əskik hərəkət görmədim.  

- Siz də düşünürsünüz ki, əvvəlki illərlə müqayisədə cəmiyyətdə fiziki məhdudiyyətli insanlara qarşı fikirlər dəyişib?