“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


Digərləri 11 Noy 2019 10:20:00 233 0

“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

Bakı. InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib. EUR. Beynəlxalq valyuta birjalarında ABŞ-Çin ticarət sazişi, Breksit və digər iqtisadi və siyasi risklər fonunda yenidən artan qeyri-müəyyənliklər, özünü aparıcı valyutaların dollara nisbətən məzənnələrin ucuzlaşmasında göstərməkdədir. Bu həftə bazar ertəsi Bakı vaxtı ilə saat 14:00-da Avrozonada iqtisadi gözləntiləri ölçən indeksə, çərşənbə günü saat 17:30-da ABŞ-dan inflyasiyaya, cümə axşamı saat 11:00-da Almaniyadan iqtisadi inkişafa və cümə günü saat 14:00-da Avrozonadan da inflyasiyaya dair dərc ediləcək önəmli fundamental məlumatlarla da zəngindir. Bununla yanaşı, çərşənbə günü və cümə axşamı FED sədri Jerom Povelin konqres qarşısında iqtisadi gözləntiləri və yeni planlarına dair edəcəyi çıxışı da böyük maraqla gözlənilməkdədir. GBP. Böyük Britaniyada keçiriləcək növbədənkənar parlament seçkisi fonunda artan risklər özünü GBP/USD məzənnəsinin ucuzlaşmasında da göstərməkdədir. Bu həftə isə bazar ertəsi saat 13:30-da Böyük Britaniyadan iqtisadi inkişaf və sənaye, çərşənbə axşamı saat 13:30-da əmək bazarı cə çərşənbə günü saat 13:30-da inflyasiya üzrə göstəricilərin mənfi yayımlanacaqlarının proqnozlaşdırılması da funt sterlinqin ucuzlaşmasına təsir edə bilər. TRY. Dünya valyuta birjalarında dolların bahalaşması, özünü USD/TRY məzənnəsində də göstərməkdədir. Beləliklə, artıq son iki həftənin maksimumunda ticarət edilən məzənnənin 5.82TL-yə kimi də bahalaşa biləcəyi ehtimal edilir.