"O, axşam işdən qayıdana kimi mən küçələrdə qalırdım" Keçmişdəki mən FOTO


Digərləri 11 Noy 2019 08:28:00 302 0

"O, axşam işdən qayıdana kimi mən küçələrdə qalırdım"  Keçmişdəki mən  FOTO

Yasin Qarayev: "Rza Təhmasibi təəccübləndirə bilmişdimsə, deməli, böyük iş görmüşdüm"

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Deyir ki, incəsənət xüsusi istedad tələb edir və bu da hər adama qismət olmur. İncəsənət sahəsində nəticə əldə etmək üçün isə, istedadını zəhmətinlə birləşdirməlisən. Əks halda, bu istedad bir işə yaramaz.

Müsahibim xalq artisti Yasin Qarayevdir. Bu dəfə xalq artistinin uşaqlıq və gənclik illərinə nəzər saldıq.   Y.Qarayev deyir ki, hər dəfə uşaqlıq illərindən söhbət düşəndə nədənsə, Nüsrət Kəsəmənlinin "Atalıydı, analıydı uşaqlar, bizim evdə biri vardı, biri yox" misraları yadına düşür: "Rəhmətlik anam Zinhar xanım həmişə deyirdi ki, atam Mikayıl Qarayev əslən şəmkirli olub. Anamın babaları isə Şəmkirə Ağcabədidən köçüb, orada yurd salıblar. Anam gənc yaşlarında ailə həyatı qurub. Atam direktor işləyirdi. İkinci Dünya Müharibəsi başlayanda, onu əsgərliyə aparıblar. Müharibədə yaralanan atam geri qayıtsa da, aldığı yaradan qısa müddətdə - 1946-cı ilin may ayında, hələ 28 yaşı olarkən dünyasını dəyişib. Atamın ölümündən iki ay sonra mən dünyaya gəlmişəm. Amma anam sənədlərimi düzəldərkən atamın ölüm gününü mənim doğum günüm kimi qeyd etdirib. Deyirlər ki, qadınlar ana olduqdan sonra kamilləşirlər. Mənim anam da kamil və müdrik qadın idi. 50 il o mənə həm ana, həm də ata əvəzi olub".   Həmsöhbətim deyir ki, uşaqlıq illəri keçən əsrin 50-ci illərinə təsadüf edib: "Mənim 4 yaşım olanda, anam ikinci dəfə ailə qurdu. Kasıb ailə idik. Ögey atam Yunis həkim çox gözəl insan idi və Qapanlı kəndində həkim işləyirdi. Müharibə dövründə o həkim işləyib. Almanlara əsir düşdükdən sonra İtaliya partizanlarına qoşularaq əsirlikdən qurtulmağı bacarıb. Elə bir dövr idi ki, əsir düşən adamlara iş vermir, onları incidirdilər. Bir çoxları həbs olunurdu. Mən uşaqlığımın o dövrlərini çox çətinliklə xatırlayıram. 14 yaşıma qədər Qapanlı kəndində böyüdüm".

Məndə sənətə qarşı sevgi yarandı   Yasin Qarayev 1953-cü ildə birinci sinfə gedir. Ancaq məktəb 7 illik olduğu üçün, 14 yaşına qədər orada oxuyub: "Məktəbdə dərslərimi yaxşı oxuyurdum. Ədəbiyyata xüsusi marağım var idi. Xüsusilə humanitar fənlərə həmişə hazırlıqlı olurdum. Məktəbdə yaxşı dostlar qazanmışdım. Həmin vaxt bir partada oturduğum dostlarımla indi də əlaqə saxlayıram, mehriban münasibətimiz hələ də davam edir. Hamı kimi mənim də məktəbdə dəcəllik etdiyim vaxtlar olub. Mən də dərsdən qaçmışam. Elə günlər olub ki, uşaqlarla dava-dalaş etmişik. İndi o illəri xoş bir xatirə kimi yadımda saxlayıram. Hərdən o illərə geri qayıtmaq da istəyirəm. O dövrün qanunlarına görə pambıqçılıqla, üzümçülüklə məşğul olan kəndin məktəblərində oxuyan uşaqlar sahəyə gedib işçilərə kömək etməli idi. 60-cı illərdə Daşkəsən Texniki Peşə Məktəbinin müəllim heyəti gəlmişdi. Mən onlarla ünsiyyətdə oldum. Birdən məndə onlarla getmək və texniki peşə məktəbində oxumaq arzusu yarandı. 7 illik məktəbi bitirib sənədlərimi peşə məktəbinə verdim. Daşkəsən şəhərinin fəhlə gənclər məktəbinə getdim və iki il həmin məktəbdə oxudum. Dülgərlik sənətinin sirlərini öyrənirdim. Həmçinin, özfəaliyyət dərnəklərinə üzv olmuşdum. Daşkəsənin kəndlərinə gedərək konsertlər verir, səhnəciklər hazırlayırdıq. Mən "Şofer oğlan", "Qonşu qız", "Nazlana-nazlana" mahnılarını oxumuşdum. Hətta yaxşı oxuduğuma görə səsimi lentə yazıb kinoklubda səsləndirmişdilər. Yadıma gəlir ki, 1962-ci ildə Mirzə Fətəli Axundov adına Opera və Balet Teatrında mahnı ifa etdim. Bu ifama görə mənə diplom verdilər. Bu mənim sənət yoluma böyük bir təkan verdi və sonrakı yaradıcılığım üçün mayak rolunu oynadı. Beləliklə, məndə sənətə qarşı sevgi yarandı. Amma aktyorluq ağlımdan da keçmirdi. Peşə məktəbini bitirdikdən sonra bizi Sumqayıtda işləməyə göndərdilər. Qısa bir müddət orada tikintidə işlədim. Amma işləmək istəmirdim. Sənədlərimi götürüb atamın direktor işlədiyi  kəndimizə qayıtdım. 11-ci sinfi atamın direktor işlədiyi məktəbdən məzun olmaq istəyirdim. O vaxt 11 illik sistemə təzə keçilmişdi. İmtahan verərək 9-cu sinifdən birbaşa 11-ci sinfə keçdim. Attestatımı alıb 1963-cü ildə Bakıya gəldim".