"Kənardan bu, möcüzə kimi görünə bilər..."


Digərləri 11 Noy 2019 07:44:00 263 0

"Kənardan bu, möcüzə kimi görünə bilər..."

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.   

Yer üzündə hər gün yüzlərlə xəstə insana orqan köçürülərək həyata qaytarılır. Müalicəsi başqa yolla mümkün olmayan xəstələrin həyatda qalması üçün yeganə çıxış yolu orqan transplantasiyasıdır. Bu gün transplantologiya - müasir elmin ən mühüm nailiyyətlərindən biridir, tibb sahəsində əldə edilən ən yüksək zirvədir. Əgər bir vaxtlar orqan transplantasiyası elmi fantastika sahəsinə aid edilirdisə, bu gün belə əməliyyatların həyata keçirilməsi nəticəsində yüzlərlə insanın həyata qaytarılması reallığa çevrilib. Transplantologiya perspektiv sahə olub, şübhəsiz ki, nə vaxtsa insanlar tərəfindən adi tibbi əməliyyat kimi qəbul olunacaq, hələlik isə bu sahədə təcrübəli və peşəkar həkimlər sayladır. Belə həkimlərdən biri Mərkəzi Gömrük Hospitalının ümumi cərrahı, cərrah-transplantoloq Kamran Beydullayevdir. Dr.Kamran Beydullayev 1996-cı ildə Azərbycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirdikdən sonra cərrahiyyə üzrə internatura təhsili almış və 2002-2007-ci illərdə Səudiyyə Ərəbistanı Prince Nasir Bin Saad Al Sudairi Hospitalında cərrah-rezident kimi çalışmışdır. 2007-ci ildə İngiltərə Kral Cərrahlar Kollecinin imtahanlarını keçərək ümumi cərrahiyyə diplomunu almışdır. 2008-2009-cu illərdə Türkiyənin İzmir şəhərində orqan transplantasiyası üzrə təlim keçmişdir. Dr.Kamran Beydullayev müxtəlif elmi konfranslarda posterlərlə, elmi çıxışlarla iştirak edib və 12-yə yaxın elmi məqalənin müəllifidir. Avropa Orqan Transplantasiyası Cəmiyyətinin və Orta Şərq Orqan Transplantasiyası Cəmiyyətinin üzvüdür. Dr.Kamran Beydullayevlə müsahibəni diqqətinizə çatdırırıq:

- Doktor, Siz artıq 23 ildir ki, cərrah işləyirsiniz, 10 ildir ki, orqan transplantasiyası əməliyyatlarıda həyata keçirirsiniz. Təcrübənizdə daha çox hansı əməliyyatlar olub? Ən çox hansı orqan transplantasiyası əməliyyatı icra etmisiniz?

- Bəli, mən son 10 ildə ümumi cərrahiyyə əməliyyatları ilə yanaşı, orqan transplantasiyası əməliyyatlarını da icra edirəm. Bunlara qaraciyər və böyrək transplantasiyası əməliyyatları daxildir. Ümumi cərrahiyyə əməliyyatlarına isə seçim qoymuruq, bütün cərrahi əməliyyatları - qida borusundan başlamış mədə, mədəaltı vəzi, bağırsaqlar, öd yolları, dalaq və s. - hamısını icra edirik. Ümumi cərrahiyyə əməliyyatlarında statistika aparmamışıq, amma yəqin ki, bu statistika digər böyük ümumi cərrahiyyə mərkəzlərinin statistikasından çox da fərqlənməz. Qaraciyər transplantasiyası ilə bağlı olaraq bu sahənin əməliyyatlarında daha dərin biliyə və vərdişlərə malik olduğumuz üçün hepatobiliar əməliyyatlarla bir az daha çox rastlaşırıq. Qaraciyər, öd yolları, mədəaltı vəzi xəstəlikləri ilə bağlı müraciətlər çox olur. Mən fəaliyyətimin son 10 ilində 550-dən çox böyrək transplantasiyası, 180-dən çox qaraciyər transplantasiyası əməliyyatlarında iştirak etmişəm. Qeyd edim ki, Azərbaycan üçün bu rəqəm yetərincə böyük rəqəmdir və mən bu rəqəmi söyləməkdən qürur duyuram.

- Müalicəsi yalnız orqan transplantasiyası olan bəzi xəstəliklərə yoluxmamaq üçün peyvəndlər mövcuddur. Bu xəstəliklərə qarşı peyvənd olunmaqla, qarşısını almaq mümkündürmü?

- Burada söhbət yəqin ki, hepatit B virusundan gedir, çünki qaraciyər sirrozuna gətirib çıxaran xəstəliklərdən yalnız hepatit B-yə qarşı peyvənd mövcuddur. Hepatit C-yə qarşı peyvənd hal-hazırda təəssüf ki, mövcud deyil. Situasiya belədir ki, biz adətən son dönəm qaraciyər xəstəlikləri ilə qarşılaşırıq, onların yeganə yolu transplantasiya qalır ki, biz də onu icra edirik. Son dönəm qaraciyər xəstəliyinə - sirroza qədər qaraciyər uzun müddət xəstə vəziyyətdə olur. Onu xəstələndirən səbəblər çoxdur, bunların böyük bir hissəsini də virus hepatitləri təşkil edir. Virus hepatitlərinə hepatit A, hepatit B, hepatit C, hepatit D və hepatit E aiddir. Hepatit A virusuna qarşı peyvənd var. Amma hepatit A virusunun özünün xroniki qaraciyər xəstəliyi yaratması çox nadir halda rast gəlinə bilir. Daha doğrusu, nadir hallarda hepatit A virusu qaraciyər sirrozuna gətirib çıxara bilər. Yalnız kəskin qaraciyər çatışmazlığı dövründə hepatit A-ya görə qaraciyər transplantasiyası edilməsi mümkündür. Hepartit C üçün vaksin mövcud deyil. Hepatit B-nin isə qarşısını almaq mümkündür. Hazırda dövlət tərəfindən hepatit B-yə qarşı doğum evlərində bütün uşaqlara ilk peyvəndlər vurulur, müəyyən fasilələrlə - 2 aydan, 6 aydan sonra növbəti dozalar vurulur. Həqiqətən, bu peyvəndlər vurulan insanlar hepatit B virusundan tam immun oluna bilir. Qeyd etmək istəyirəm ki, son vaxtlar sosial mediada peyvəndlərin əleyhinə olan fikirlərə tez-tez rast gəlirik. Bəzən ajiotajmı yaratmaq üçün, populizm xatirinəmi, yoxsa başqa bir səbəbdənmi, tanınmış adamlar və ya həkimlər çalışırlar ki, peyvəndləri pisləsinlər, müxtəlif əlavə təsirləri olduğu haqda miflər uydururlar. Mən burdan insanlara səslənirəm ki, daha rasional düşünsünlər və vaxtında peyvənd olunsunlar.

- Dediniz ki, uşaqların peyvənd olunması vacibdir. Bəs böyüklərdə necə olmalıdır? Onlar da peyvənd olunmalıdırlar?

- Yaşın fərqi yoxdur, əgər uşaq vaxtı kimsə peyvənd olunmayıbsa, onların immun vəziyyəti yoxlanılır, bu vaxta qədər bu xəstəliyə yoluxub-yoluxmamaları aşkarlanır, immun statusları müəyyən edilir. Yəni bəzən olur ki, peyvənd olunmadan hepatit B virusu ilə qarşılaşırlar, xəstələnib sağalırlar. Böyüklərdə 18 yaşdan sonra təqribən 40-50 %-i hepatit B virusuna yoluxduqdan sonra virusundan tam təmizlənirlər. Həmin xəstələrdə təbii immunitet olur, onlarda vaksinasiyaya ehtiyac yoxdur. Ona görə də analiz verib immun statusunu yoxlayırlar. Əgər hepatit B-yə qarşı immunitet yoxdursa, vaksin oluna bilərlər. Onlar da eyni qaydada vaksinasiya olunmalıdırlar. Vaksinasiya olunublarsa, amma immun statusları zəifdirsə, bonus doza vaksinasiya ala bilərlər. Uşaq vaxtı hepatitə yoluxanlarda 95% xəstəlik xroniki qalır.

- Vaxtında hepatitlərə qarşı peyvəndlər edilərsə, mütəmadi olaraq analizlər verdikdə qaraciyəri bu xəstəliklərdən sığortalamaq mümkündürmü?

- İnsanlar hepatit B virusundan tam profilaktika oluna bilərlər, belə ki, peyvəndlə yetərincə yüksək immunitet yarada bilərlər. Biz hamımız, həkimlər və tibb bacıları immunizasiya olmuşuq, biz hepatitli xəstələrlə işləyirik, onlarla kontaktda oluruq, olur ki, iynə batır, gözümüzə qan sıçrayır, amma biz yoluxmuruq, çünki yetərin qədər immunitetimiz yüksəkdir. Təəssüf ki, hepatit C-yə qarşı peyvənd yoxdur.    - Əksər hallarda insanlar hər hansı xəstəliyə yoluxduqdan sonra həkimlərin dedikləri analizləri verir və gözləmədiyi, heç bir ağrı onları narahat etmədən hepatit virusunun daşıyıcısı olduqları məlum olur. Hepatiti vaxtında aşkarlamaq üçün nə etmək lazımdır? Bu xəstəliyə tutularkən hansı əlamətlər özünü göstərir? Analiz vermədən hepatitə yoluxmağı necə bilmək olar?