Eyni vaxtda "Google" və UBERdən iş təklifi alan azərbaycanlı Uğur hekayəsi FOTO


Digərləri 10 Noy 2019 23:00:00 455 0

Eyni vaxtda "Google" və UBERdən iş təklifi alan azərbaycanlı  Uğur hekayəsi  FOTO

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

"2018-ci ildə məni Bakıda bir şirkətə proqramçı olaraq müsahibəyə çağırmışdılar. Müsahibədə soruşdular ki, 5 il sonra özünü harda görürsən? Dedim ki, Silikon Vadisində. Həmin an utopik hədəf kimi səsləndi, müsahibə götürənlərdə də bir az gülüş doğurdu, amma həqiqətən də hədəfim o idi. O hədəf üçün getməli olduğum yolda nələr edəcəyimi bilirdim və o istiqamətdə hərəkət edirdim".

2019-cu ilin əvvəlində "Bank of America"da işə başlayır, bir neçə ay sonra isə UBER-ə keçir. Yəni arzusunun reallaşması üçün 5 il gözləməyə ehtiyac qalmır.

Müsahibimiz UBER şirkətinin baş ofisində (San-Fransiskoda) proqramçı kimi çalışan azərbaycanlı Orxan Qasımlıdır.

Qeyd edək ki, O.Qasımlı 1986-cı ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin hüquq fakültəsində bakalavr, ardınca isə mülk və təsərrüfat hüququ üzrə magistr ixtisasında təhsil alıb. Daha sonra isə Təhsil Nazirliyi ilə Alman Tələbə Mübadilə Təşkilatının birgə layihəsi əsasında təqaüd qazanaraq Almaniyada Köln Universitetinin hüquq fakültəsində magistr oxuyub.

- Hüquq üzrə bakalavr və iki dəfə magistr təhsili almsınız, amma bu gün başqa sahədəsiniz. Davamlı təhsil almısınızsa, deməli, hüquq təhsili almaq öz istəyinizlə olub.

- Mən məktəb illərində iki seçim arasında qalmışdım. Ya kompüter elmlərini seçməliydim, ya da hüququ. Düzdür, məktəbdə riyaziyyatdan həmişə 5 alırdım, amma bu fənnə elə də böyük marağım yox idi. Uşaq kimi fikirləşdim ki, riyaziyyatı çox yaxşı bilmirəm, bu fənnə marağım yoxdur, kompüter sahəsinə getsəm, mənim üçün çətin olar. Ona görə, belə sadəlöhv qərar verdim. Amma seçim edərkən, güclü hüquqşünas olmaq üçün tələb olunan fərdi keyfiyyətlər barədə məlumatsız idim. Düşünürəm ki, insanın fərdi keyfiyyətləri ixtisası ilə uyğunluq təşkil etməlidir. Təhsil almağa başlayandan sonra başa düşdüm ki, fərdi keyfiyyətlərim hüquqla o qədər də üst-üstə düşmür. Universitetin ilk illərində səhv seçim etdiyim barədə artıq fikirləşməyə başlamışdım. Çünki kompüterə marağım var idi, o sahəylə də müəyyən qədər məşğul olduqca seçimimin yanlışlığı qənaətinə gəlirdim. Amma insanın səhv seçim etməsini qəbul etməsi bir az çətin məsələdir. Ona görə, davamlı olaraq o təhsili aldım. Nə isə, gec də olsa, bir müddət sonra səhv etdiyimi başa düşdüm və istiqaməti dəyişməyə çalışdım. 

- İstiqaməti birdən-birə dəyişdiniz?

-  İlk olaraq mərhələli şəkildə dəyişikliyə getməyə çalışdım. O nədən ibarət idi? Tam hüquq üzrə yox, hüquqa yaxın, amma həm də kompüter hesablamaları və s. özündə birləşdirə bilən bir sahə axtarmağa başladım, o da vergi hüququ idi. Çünki bu işi görərkən sizə, kompüteri, müəyyən proqramları da yaxşı bilmək lazım olur. Hüquqla əlaqəlidir, amma çox da yox. Ona görə bu sahəyə yönəlmək qərarı verdim, fikirləşdim ki, bəlkə bu, məni xoşbəxt edər. "Deloitte & Touche" şirkətinin Azərbaycan nümayəndəliyində işə başladım. 4 ilə yaxın orda işlədim, vergi məsləhətçisi, baş vergi məsləhətçisi vəzifələrində çalışdım.  Həmin şirkət dünyada audit və konsaltinq sahəsində 4 böyük şirkətdən biridir. İşlədikcə gördüm ki, bu, mənə nisbətən yaxındır, amma tam istədiyim deyil. Çünki vergi məsləhətçisi kimi çalışdığım dövrdə bir neçə proqram yazdım və anladım ki, proqram yazmaq mənim üçün hazırkı işimdən daha maraqlıdır. Ona görə birdəfəlik sahəmi dəyişmək, marağımın arxasınca getmək qərarına gəldim. Çünki maraq olmayan yerdə inkişaf ola bilməz. Beləcə, "dashroad" adlı bir startapda proqramçı kimi işləməyə başladım. İl yarım orda çalışandan sonra Amerika Birləşmiş Ştatlarına gəldim.

- Sırf hüquq üzrə işləmədiniz?

- Magistr təhsili aldığım dönəmdə kiçik bir şirkətdə hüquqşünas olaraq çalışmışdım. Həmçinin, "Deloitte & Touche" şirkətində də işim müəyyən qədər hüquqla da bağlı idi.

- Fərdi keyfiyyətlərinizin hüquqla uyğunlaşmadığını dediniz. Onlar hansılardır, yaxud hüquqçünas üçün insanda hansı keyfiyyətlər olmalıdır? 

- Hüquqşünas yaxşı mənada bir az üzlü olmalı, insanlarla rahat şəkildə ünsiyyət qurmağı bacarmalıdır. Mən isə elə deyildim. Təbii ki bu xarakterlə belə, hüququn hansısa bir sahəsində yəqin ki özümə iş tapa bilərdim, amma düşünmürəm ki, o, mənim üçün uğurlu olardı, yaxud məni xoşbəxt edərdi. 

- Ünsiyyətcil deyilsiniz?

- Yaxşı tanıdığım insanlarla ünsiyyətciləm, amma tanımadığım şəxslərlə qısa vaxtda ünsiyyət qurmaq bir az çətin olur. Bəzi insanlar var ki, sonradan gəlir və bütün məclisi ələ alır, bax, o insan mən deyiləm (Gülür).

- Dediniz ki, tələbə vaxtı proqramlaşdırmayla da müəyyən qədər məşğul olmusunuz. Bu sahəylə tanışlığınız da universitet illərində olub?

- Mən Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin məzunuyam. Hələ liseydə oxuduğum dövrdə bizdə sonuncu siniflərdə informatika dərsi keçirilirdi. Ona görə valideynlər qardaşımla mənə kompüter aldılar. Kompüter alınan gündən bəri hiss etdim ki, ona böyük marağım var. O maraq zaman keçdikcə artırdı. Universitetə qədər bu maraq özünü oyun oynamaqda, yaxud internetdə axtarış etməkdə göstərirdisə, tələbə vaxtı daha dərin mövzulara yönəldi. Universitet illərində rus dilində çıxan "Xakep" adlı bir jurnal var idi, hər həftə onu alıb axıra qədər oxuyurdum. Oxuduqca proqramlaşdırmaya marağım artırdı. O vaxt internet resurslarının imkanları indiki qədər deyildi, ona görə müxtəlif kitablar alıb bu sahəni öyrənməyə başladım. Hər maraqlandığım proqramlaşdırma dilini öyrənərək özlüyümdə müəyyən şeylər yazmağa çalışırdım. Belə-belə proqramlaşdırma ilə tanış oldum.

- Nə qədər vaxtdır professional şəkildə proqramçı kimi çalışırsınız?

- Professional olaraq proqramçı kimi çalışmağa 2017-ci ilin iyun ayından etibarən başlamışam. 2 ildən bir az çox edir.   - Proqramlaşdırma ilə bağlı təhsil almamısınız, üstəlik bu sahədə 2 il çalışandan sonra UBER kimi şirkətdə çalışmağa nail olmusunuz. Adətən müəyyən qədər bu sahədə çalışandan sonra dünya səviyyəsində böyük şirkətlərə iş üçün müraciət etmə əminliyi yaranır. Qısa zamanda ölkə xaricində bu cür şirkətdə işə düzəlməyiniz necə oldu?