Asiya və Sakit Okean Ölkələrinin Xəbər Agentlikləri Təşkilatında sədrlik Yonhap agentliyinə keçib FOTO


Digərləri 08 Noy 2019 13:27:00 341 0

Asiya və Sakit Okean Ölkələrinin Xəbər Agentlikləri Təşkilatında sədrlik Yonhap agentliyinə keçib  FOTO

AZƏRTAC OANA-nın vitse-prezidenti seçilib

Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatına (OANA) 2019-2022-ci illərdə sədrlik AZƏRTAC-dan Koreya Respublikasının Yonhap agentliyinə keçib. 

Son.az xəbər verir ki, bu barədə qərar təşkilatın noyabrın 8-də Seulda başa çatan Baş Assambleyasında qəbul edilib. 

Assambleyada Yonhap agentliyinin rəhbəri Ço Sanq Bo OANA-nın prezidenti vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, AZƏRTAC OANA-ya 2016-2019-cu illərdə rəhbərlik edib. Qurumun XVI Baş Assambleyası həmin ilin noyabrında Bakıda təşkil olunub. 

XVII Baş Assambleyada İcraiyyə Komitəsinin yeni tərkibi təsdiq edilib. AZƏRTAC yekdilliklə OANA-nın vitse-prezidenti seçilib, Monqolustanın Montsame agentliyi İcraiyyə Komitəsinə, Pakistanın PPİ agentliyi isə Texniki Komitəyə üzv qəbul olunub. OANA-nın İcraiyyə Komitəsinə hazırda 13 agentlik daxildir. Yonhap prezidentdir, AZƏRTAC, Rusiyanın TASS, Çinin Sinxua və Türkiyənin Anadolu agentlikləri vitse-prezidentdir, Avstraliyanın AAP, Malayziyanın Bernama, Bəhreynin BNA, İranın İRNA, Yaponiyanın Kyodo, Vyetnamın VNA, Livanın NNA, Monqolustanın Montsame agentlikləri isə üzvdür. 

Növbəti XVIII Baş Assambleyanın 2022-ci ildə İranda keçirilməsi ilə bağlı İRNA-nın təklifi qəbul olunub. Assambleyada Fələstin Dövlətinin WAFA agentliyinə OANA-da müşahidəçi statusu verilib. Bundan əlavə, iştirakçılar təşkilatın Nizamnaməsinə təklif edilən dəyişiklikləri, OANA-nın atributlarını və Seul Bəyannaməsini təsdiqləyiblər.