Makronun təbrik etdiyi azərbaycanlı şagird Olimpdəkilər FOTO


Digərləri 06 Noy 2019 07:41:00 310 0

Makronun təbrik etdiyi azərbaycanlı şagird  Olimpdəkilər  FOTO

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

11-ci sinifdə oxuyur. Azərbaycanı tanıtmaq, ölkə üçün lazımi mesajları dünyaya verməyi hələ uşaqlıqdan qarşısına məqsəd qoyub. Yeniyetməlik dövründə bu arzusuna çatıb və istədiyi mesajı Avropaya ötürüb. Hətta Fransa prezidenti Emmanuel Makronla da görüşmək imkanı əldə edib. O, yeniyetməlikdən başlayan bu uğuru daim davam etdirəcəyini planlayır. Bu günün məktəblisi gələcəkdə səfir olmaq yolunda sürətlə addımlayır.

Müsahibimiz Cəbrayıl məktəblisi, "Gələcəyin Avropalısını təsəvvür edərkən" mövzusunda inşa müsabiqəsinin qalibi Vahid Əsəddir. O, bu il Gənclər Fondunun Avropa Şurasının 70 illik yubileyi ilə  əlaqədar keçirilən inşa yazı müsabiqəsində iştirak edərək 1-ci yerə layiq görülüb.

Əvvəlcə, müsahibimiz tanıyaq.

Vahid 2003-cü ildə Bakıda anadan olub. İbtidai təhsilini 53 nömrəli tam orta məktəbdə alan həmsöhbətimiz hazırda Cəbrayıl rayonu akademik Mehdi Mehdizadə adına məktəbin 11-ci sinif şagirdidir. Uşaq vaxtlarından ədəbiyyata olan xüsusi marağı Vahidi yaşıdlarından fərqləndirib. İlk bədii əsərini hələ 4-cü sinifdə oxuyub, bitirib: "İbtidai sinifdən ədəbiyyatı çox sevirəm. Bədii ədəbiyyat insanın estetik zövqünün formalaşmasına, dünya görüşünün artmasına, nitq qabiliyyətinin inkişafına kömək edir".

Elə ədəbiyyat sevgisi onun inşa yazmaq qabiliyyətini formalaşdırıb və Fransaya qədər aparıb. Deyir ki, müsabiqəyə müəlliminin təkidi ilə qatılıb: "Müsabiqədə qalib olmağım mənim həyatımda ən unudulmaz hadisədir.  Belə bir müsabiqənin keçirilməsi ilə bağlı məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi Aysel Qarayeva bizə məlumat vermişdi. İlk olaraq, tərəddüd etdim. Müəllimimin təkidi ilə qərar verdim ki, həmin müsabiqəyə qatılaraq özümü sınayım. "Gələcəyin Avropalısını təsəvvür edərkən" mövzusunda inşa yazaraq qeyd olunan elektron ünvana göndərdim".   "Mənə yuxu kimi gəlirdi"

Vahid deyir ki, ilk 3-lükdə olmağı hədəfləsə də, 1-ci yer olacağını gözləməyib: "İnşanı mart ayında yazdım. İnşamın bir neçə avropalı tərəfindən oxunmasını, mesajımın onlara çatmasını istəyirdim. Düzünü desəm, birinci olmağı gözləmirdim, ikinci və üçüncü olmağı hədəfləyirdim. Qalib olduğumu biləndə çox sevindim, sevincimin həddi-hüdudu yox idi. Mənə yuxu kimi gəlirdi, inanmırdım. Bu qədər gəncin içindən seçilmək, özü də ən yüksək yerə layiq görülmək mənim kimi məktəbli üçün əlamətdar hadisədir. Ölkəm adına qazandığım uğur təkcə mənim deyil, eyni zamanda həm təhsil aldığım doğma məktəbimin, eləcə də mənə inanan, hər zaman dəstək verən ailəmindir. Bu nailiyyətin sevincini onlara yaşatdığım üçün özümü xoşbəxt hesab edirəm. Mənə etimad göstərən doğma məktəbimin rəhbərliyinə, üzərimdə əməyi olan hər bir kəsə minnətdarlığımı bildirirəm".

"Biz də mane olmadıq..."

Yuxarıda da qeyd etdiyimiz kimi Vahid hələ uşaq yaşlarından Azərbaycan, eləcə də dünya klassiklərinin əsərlərini sevə-sevə oxuyub. Oxuduğu çoxsaylı  kitablar onun geniş dünyagörüşünün formalaşmasında əhəmiyyətli rol oynayıb. Müxtəlif mövzularla bağlı öz fikir və mülahizələrini sərbəst şəkildə ifadə etməsi ilə yaşıdları arasında seçilən Vahidin kitaba olan sevgisi, yəqin ki, onun tərbiyə aldığı ailədən qaynaqlanır. Vahidin atası Zahid bəylə söhbətləşirik. Zahid Əsəd filologiya üzrə fəlsəfə doktoru, dosentdir. Anası isə ibtidai sinif müəllimidir. Atası deyir ki, Zahid hələ 4-cü sinifdən mütaliə etməyə başlayıb: "Hələ 4-də oxuyanda anası Vahidə Lev Tolstoyun Hacı Murad əsərini almışdı. Balaca hekayə idi və sözlərin üzərində vurğu işarələri var idi. Tapşırmışdıq ki, sözlərin vurğusunu düzgün qoymaqla oxusun. Vahid o əsəri 4-5 dəfə oxudu. Daha sonra özlüyündə ədəbiyyata marağı artdı. Biz də mane olmadıq, dəstəklədik, mütaliə mədəniyyətini öyrətməyə çalışdıq".