Ağdaşda 11 yaşlı uşağın faciəsi:


Digərləri 05 Noy 2019 14:33:00 311 0

Ağdaşda 11 yaşlı uşağın faciəsi:

İlk  təəssürat normal insana şok yaşatmağa qadirdir: dağınıq, çirkli, səliqəsiz otaqlar, zibillə dolu həyət, boş evdə başını girləyən, başını yara basmış çarəsiz bir uşaq...

Ağdaş rayonunun Məşhəd adlanan ərazisində bir ailə sözün həqiqi mənasında faciə yaşayır. Əsas "qəhrəman" isə 11 yaşı olmasına rəğmən fermada işlədildiyi, atalığı tərəfindən döyüldüyü, hətta qorxudan qəbristanlıqda gizləndiyi iddia olunan Poladdır.

Uşaq haqda məlumatı ilk olaraq hüquq müdafiəçisi Kəmalə Ağazadə paylaşıb. Onun məlumatına görə, Məşhəd kənd sakini, 46 yaşlı İsfəndiyar Musayev və 33 yaşlı Dürdanə İsmayılovanın ailəsində iki uşaq böyüyür. Uşaqlardan böyüyü, 11 yaşlı Polad ağır xəstədir və döyülməmək üçün tez-tez evdən qaçır.

Son.az xəbər verir ki, "Sputnik Azərbaycan" həmin ailənin problemini araşdırıb. Evdən alınan ilk təəssürat normal insana şok yaşatmağa qadirdir: dağınıq, çirkli, səliqəsiz otaqlar, zibillə dolu həyət, boş evdə başını girləyən, başını yara basmış çarəsiz bir uşaq.

Valideynlər gələnədək qonşular ailənin durumunu anladırlar: Polad məktəbə getmir, xəstədir, ümumiyyətlə, ailənin durumu çətindir, uşaqlar yarıac-yarıtox, qonşuların göndərdiyi bir loxma çörəklə dolanırlar. Evdə nə qaz, nə su var. Qonşuların dediyinə görə, bir il əvvəl ailə Bərdəyə köçübmüş. Poladı da Ağdaş məktəbindən Bərdədəki məktəbə köçürüblər. Ancaq orada da Polad məktəbə getməyib. Atalığı uşağı təhsildən yayındırıb, günü 7 manata heyvan otartdırıb, balaca oğlan tövlədə yaşayıb və xəstəliyi də oradan başlayıb. Anası həkimə müraciət etdiyində: "mən cibimdən pul verib uşağını müalicə edəsi deyiləm ki?" cavabını alıb. Bundan başqa, atalıq daim uşağa ögey olduğunu xatırladıb. Buna görə Polad dəfələrlə qaçıb qəbiristanlıqda gizlənib, ancaq onu tutub gətiriblər.  Bu yaxınlarda ailə yenidən Ağdaşa qayıdıb, ancaq vəziyyət dəyişməyib: Polad yenə də məktəbə getmir, evdə bir yaşlı qardaşı Adəmə baxır.

Polad özü də suallara cavab verir, amma hiss olunur ki, nə deyəcəyi əvvəlcədən öyrədilib.

Özünü yetirən İsfəndiyar Musayev fəhlə işlədiyini, ancaq ailəni dolandırmağa gücü çatmadığını bildirir. Onun sözlərinə görə, Poladı müalicə etdirməməsi də elə maddi çətinliklə bağlıdır. "Bəs anası haradadır?" sualına isə atalığın cavabı "Bilmirəm" oldu. Uşağı döydüyü, fermada işlətdiyi barədə iddiaları da yalanladı. Onun fikrincə, bütün günahlar anadadır. 

Polad özü Ağdaş rayonunda Nuru adlı həkimin onu müayinə etdiyini, ancaq öz cibindən pul verərək uşağı müalicə etməyəcəyini bildirdiyini danışdı. 

Ağdaş rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayan uşaqlarla iş üzrə komissiya ilə əlaqə saxlayıb. Komissiyanın məsləhətçi-psixoloqu Elnur Həmidov bildirib ki, KİV-in müraciətindən sonra hadisə ilə bağlı araşdırmaya başlanılıb.