Hazırda kənd yollarının inşası və yenidən qurulması geniş vüsət alıb AAYDA


Digərləri 04 Noy 2019 08:07:00 279 0

Hazırda kənd yollarının inşası və yenidən qurulması geniş vüsət alıb  AAYDA

Regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yol infrastrukturunun daha da müasirləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir.

Son.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Trend-ə açıqlamasında bildirib ki, hazırda respublikamızda kənd yollarının inşası və yenidən qurulması geniş vüsət alıb: "Təbii ki, əsas məqsəd hər bir vətəndaşın sosial rifah halına müsbət təsir göstərən sənaye, turizm və kənd təsərrüfatının inkişafıdır.

Bu layihələr çərçivəsində Ağdaş rayonunda cari ildə Orta Qəsil-Şordəhnə-Qarağan Şıxlar-Kükəl-Ərəb-İkinci Aral marşrutu üzrə 40.5 km uzunluğa malik bir-neçə istiqamət üzrə avtomobil yolları əsaslı şəkildə təmir edilib. Yollar 2 hərəkət zolaqlı olmaqla IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulub.

Qara və çınqıl örtüklü IV texniki dərəcəli Orta Qəsil-Şordəhnə-Qarağan Şıxlar-Kükəl-Ərəb-İkinci Aral avtomobil yolu uzun illərdir təmir olumadığından yolun torpaq yatağı deformasiyaya uğramış, yol geyimində çökmələr əmələ gəlmiş, istismar üçün yararsız vəziyyətə düşmüş və nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranmışdı. Yolun əsaslı şəkildə təmir olunmasına ehtiyac yarandığı üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən əraziyə lazımi sayda qüvvə cəlb olunmaqla yenidənqurma işləri aparılıb.

Layihəyə uyğun olaraq marşrut boyu mövcud örtüyün sökülməsi, yararsız yol geyiminin və torpaq yatağının deformasiyaya uğramış hissələrinin qazılaraq kənara daşınması, əvəzinə karxana çınqılı tökülərək kipləşdirilməsi və yeni yol yatağının inşası işləri aparılıb, yol əsasının alt layının karxana çınqılı, üst layının isə optimal qum-çınqıl qarışığı ilə tikintisi işləri aparılıb.

Yol boyu yol əsası hazır olan ərazilərin asfaltlanması işləri aparılıb.

A.Nəcəfli bildirib ki, bundan başqa avtomobil yolunun müxtəlif hissələrində yerləşən suötürücü borular uzun illər istismar olunduğundan sukeçiricilik qabiliyyəti aşağı düşdüyündən borularda və boru başlıqlarında sınma və çatlama halları yarandığından, istismar üçün yararsız vəziyyətə düşdüyündən yollar boyu köhnə boruların sökülməsi, əvəzinə və zəruri olan yerlərə 630 paqon-metr uzunluğunda müxtəlif diametrli yeni dəmir-beton boruların quraşdırılması işləri aparılıb, başlıqları dəmir-betonla inşa edilib, həmçinin mövcud 8 metr uzunluğunda suötürücü qurğunun monolit dəmir-betonla təmiri aparılıb.