Quraqlığa və şoranlığa davamlı yulğun kolu haqqında nə bilirik? VİDEO FOTO


Digərləri 03 Noy 2019 07:55:00 300 0

Quraqlığa və şoranlığa davamlı yulğun kolu haqqında nə bilirik?  VİDEO  FOTO

Adı "Qırmızı kitab"a düşən yulğun kolu ölkəmizdə ən çox Naxçıvanda, Abşeron yarımadası və Kür-Araz ovalığında yayılıb. Elmi adı tamariks olan yulğun kolunun dünyada 80-dən çox növü mövcuddur ki, bunun da 10-a yaxını Qafqazda, əsasən Gürcüstan və Azərbaycan ərazisində bitir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Salyan rayonunda Kür çayı boyunca yulğun meşələri uzanır. Belə ərazilərə həm də Tuqay meşələri deyirlər. Səhra və yarımsəhra bitkisinin hündürlüyü 1 metr və ondan da hündür olur. Quraqlığa və şoranlığa davamlı olduğundan yaşıllaşdırmada böyük əhəmiyyətə malikdir.

Ekoloq Elman Hacıyev deyir ki, Salyan rayonu Kür-Araz ovalığında yerləşdiyindən bu ərazilərdə yulğun kimi bitkilər çoxdur: "Yulğun bitkisi torpağın münbit olmağına müsbət təsir göstərir, oksigeni çoxaldır, havanın saflaşmasına xidmət edir və canlıların yaşaması üçün şərait yaradır. Yulğun kollarının ekoloji cəhətdən digər üstünlüyü ondadır ki, quşlar orada yuva salaraq nəsil artırır, ətraf mühitə gözəllik gətirirlər".

Yulğun kollarında gizlənən quşlardan biri qırqovuldur. Bundan başqa, ərəbdovşanı da yuvasını məhz bu kolun dibində salır. Bioloqlar yulğunun insan orqanizmi üçün xüsusi rol oynadığını da qeyd edirlər.

Bioloq Elmira Abıyevanın sözlərinə görə, yulğun çox əhəmiyyətli bitkidir və geniş yayılıb: "Yulğunun 80-dən çox növünün olmasına baxmayaraq, Azərbaycanda yalnız bir növünə rast gəlinir. Yulğun bitkisi quraqlıq və şoranlıq yerlərə davamlı olduğu üçün təbiətdə yaşıllaşdırmada geniş istifadə olunur. Eyni zamanda, quşlar, əsasən də qırqovul çoxalma dövründə bu bitkinin sıx yarpaqlarının arasında gizlənə bilir və vəhşi heyvanlardan mühafizə olunur. Yulğun insanlar üçün mualicəvi dərman bitkisi kimi də çox böyük əhəmiyyətə malikdir. Ağ ciyərin müalicəsində yulğun bitkisinin tüstüsündən istifadə edilir, eyni zamanda, tənəffüs yollarının açılmasında xeyirlidir".