İŞİDin cəlladı Budapeştdə həbs edildi


Dünya 01 Noy 2019 19:24:00 211 0

İŞİDin cəlladı Budapeştdə həbs edildi

Dünən axşam Macarıstanda 27 yaşlı Suriya vətəndaşı həbs edilib. Macarıstan Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, o, "İslam dövləti" silahlı qruplaşmasının komandanı olub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, suriyalının bəşəriyyət əleyhinə cinayətlərdə əli olması barədə ciddi sübutlar var. Xüsusi xidmət orqanlarının məlumatına görə, o, 2015-ci ilin mayında öz vətənində bir neçə adamı şəxsən edam edib. O, həmçinin Suriyanın Əs-Suhnu şəhərinin (Homs əyaləti) işğalı əmrini verməkdə, "ölüm siyahısı"nı tərtib etməkdə və İŞİD-in niyyətlərini rədd edənlərin adlarını həmin siyahıya salmaqda şübhəli bilinir.

Onun törətdiyi edamlardan biri Əs-Suhnu şəhəri imamının camaat qarşısında boynunun vurulmasıdır. Azı 25 başqa edamda, o cümlədən qadınların və uşaqların edamında onun əlinin olması da sübuta yetirilib. O, imamla yanaşı, şəxsən ən azı iki adamın başını kəsməkdə şübhəli bilinir. Üstəlik, qonşu şəhərdə onun bir neçə adamı odlu silahla qətlə yetirməsi haqqında sübutlar var.

Suriyalı cinayətkarı ömürlük həbs cəzası gözləyir.