AQTA Bakı Karqo Terminalına infotur təşkil edib (FOTO)


Digərləri 29 Okt 2019 13:43:00 254 0

AQTA Bakı Karqo Terminalına infotur təşkil edib (FOTO)

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) jurnalistlər üçün Heydər Əliyev adına hava limanında yerləşən Bakı Karqo Terminalına infotur təşkil edib.

Bakı. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) jurnalistlər üçün Heydər Əliyev adına hava limanında yerləşən Bakı Karqo Terminalına infotur təşkil edib. Trend-in məlumatına görə, jurnalistlərin iştirakı ilə məhsul gömrük ərazisinə daxil olduqdan sonra gömrük orqanı və AQTA əməkdaşları tərəfindən baxış keçirilib. İnfoturda jurnalistlərə açıqlamasında AQTA-nın sektor müdiri Samir Rüstəmli bildirib ki, ölkəmizə idxal olunan bütün qida məhsulları Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən risk əsaslı nəzarətə cəlb edilir. Onun sözlərinə görə, yalnız təhlükəsizlik göstəriciləri uyğun olan məhsulların sərbəst ticarət dövriyyəsinə buraxılmasına icazə verilir: “Məqsəd ölkəyə idxal edilən qida məhsullarının təhlükəsizliyi və keyfiyyətinin təmin edilməsi, əhalinin sağlamlığının qorunmasıdır. Yeyinti məhsullarını ölkəyə idxal etmək istəyən sahibkarlar ilk növbədə qida təhlükəsizliyi sertifikatı almaq üçün Agentliyə müraciət edirlər”. Jurnalistlərə bildirilib ki, məhsulun daşıdığı risk səviyyəsinə uyğun olaraq müxtəlif nəzarət tədbirləri həyata keçirilir. Risk əsaslı yanaşmada 3 meyar əsas götürülür: məhsulun risk səviyyəsi, ixracatçı ölkənin qida təhlükəsizliyi sisteminin göstəriciləri və idxalçının uyğunluq tarixçəsi. Belə ki, ilk olaraq məhsulu müşayiət edən müvafiq sənədlər yoxlanılır. Sənədlər qaydasında olduğu təqdirdə məhsul partiyası identiklik və ya eynilik yoxlamasından keçirilir. Yəni sənədlərdə bəyan edilmiş məhsulla faktiki idxal olunmuş məhsulların eyniliyi yoxlanılır. Bundan sonra məhsulların risk səviyyəsinə uyğun olaraq tələblərə cavab verməsini yoxlamaq məqsədi ilə nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilir. Laboratoriyada məhsullar minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinə uyğun olaraq müayinə edilir, nəticələr normativ texniki sənədlərin tələblərinə cavab vermədiyi halda, məhsul geri qaytarılır, məhv edilir və ya utilizasiya olunur.