Agentlik sədri: "Müəllifə ödənilməli qonorarla bağlı böyük problem bizi narahat edir"


Digərləri 29 Okt 2019 11:58:00 317 0

Agentlik sədri: "Müəllifə ödənilməli qonorarla bağlı böyük problem bizi narahat edir"

Müasir dünya müəllifə ödənilməli qonorarla bağlı böyük problemlə rastlaşır. Ən vacibi odur ki, qonorar müəllifləri razı salmır. Biz bu problemlərlə Azərbaycanda da rastlaşırıq və yaranan vəziyyət bizi - Əqli Mülkiyyət Agentliyini dövlət qurumu olaraq, narahat etməyə bilməz.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Ümumdünya Əqli Mülkiyyət Təşkilatı ilə birgə keçirilən "Müəlliflik hüququ və əlaqəli hüquqların kollektiv əsasda idarə edilməsi: əsas prinsiplər və beynəlxalq təcrübə" mövzusunda beynəlxalq regional seminarda söyləyib.

Onun sözlərinə görə, müəlliflik hüququ fərdi, xüsusi hüquqdur və bu hüquqların sərəncamçılığını müəllif özü həyata keçirir. Lakin istifadəçilər dairəsinin genişlənməsi ilə və hüquq sahibinin istifadəyə nəzarəti həyata keçirə bilmədiyi halda, hüquq sahibləri ictimai təşkilatlar - əmlak hüquqlarının kollektiv idarəetmə təşkilatlarını yaradır və hüquqların təmsilçiliyini onlara həvalə edirlər.

Agentlik sədri əlavə edib ki, dövlət başçısının uzaqgörən və düşünülmüş siyasətinə əsaslanan iqtisadi islahatların yeni dalğası sosial-iqtisadi həyatımızı yaxşılaşdırmaqla yanaşı, Azərbaycanı dünyada tanınmış islahatçı dövlətlər sırasına yüksəldib:

"Azərbaycan "Doing Business-2019" reytinqinə görə 190 ölkə arasında 25-ci yerdə, o cümlədən "biznesin başlaması" göstəricisi üzrə 9-cu, "kiçik investorların maraqlarının qorunması" üzrə 2-ci, "vergilərin ödənilməsi" üzrə 28-ci yerdədir. "Doing Business-2020" hesabatında Azərbaycan yüksək nəticə ilə 34-cü yeri tutaraq, hətta "kreditlərin əlçatanlığı" göstəricisinə əsasən, birincidir və islahatçı 20 ölkə sırasına daxil edilib.

Dünya İqtisadi Forumunun "Qlobal rəqabətqabiliyyətlilik indeksi-2019" hesabatında Azərbaycan 11 pillə irəliləyərək, 141 ölkə arasında 58-ci yeri tutur və 12 indikatordan 8-i üzrə irəliləyib. Bununla da ölkənin inamlı innovasiyalı inkişafı təsdiqlənir. Belə ki, Azərbaycan qanunvericiliyin effektivliyi subindeksinə görə 13-cü, rəqəmli biznes modellərinə hüquqi çərçivənin uyğunlaşması üzrə 23-cü, hökumətin dəyişikliklərə olan reaksiyası üzrə 5-ci və hökumətin gələcəyə yönəlmiş fəaliyyətinə uzaqgörənliyinə görə 10-cu yerləri tutur".

Kamran İmanov bildirib ki, son rəqabətqabiliyyətlilik indeksinə əsasən, Azərbaycan "əqli mülkiyyətin qorunması" göstəricisi üzrə 141 ölkə arasında 30-cu yerdə qərarlaşıb. Burada diqqəti cəlb edən odur ki, 2015-2016-cı illərdən, yəni islahatların yeni mərhələsindən başlayaraq, bu göstərici ardıcıl olaraq yaxşılaşır. 2015-ci ildə 92-ci yerdən 2016-2017-ci illərdə - 71-ci, 2017-2018 - 37-ci, sonra 36-cı və nəhayət 2019-cu ildə 30-cu yerdə qərarlaşıb. Buna paralel olaraq, patent sifarişlərində də artım görünür.