Dövlət qulluğuna qəbul üçün yeni test imtahanı keçiriləcək


Digərləri 28 Okt 2019 12:09:00 295 0

Dövlət qulluğuna qəbul üçün yeni test imtahanı keçiriləcək

Dövlət qulluğunda inzibati rəhbər (A növü) vəzifələr üzrə müsabiqənin test imtahanına qeydiyyat başlayıb.

Dövlət İmtahan Mərkəzindən Son.az-a verilən məlumata görə, noyabrın 24-də dövlət qulluğunda inzibati vəzifələrin A növünə aid AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçiriləcək. İmtahan kompüter vasitəsilə aparılacaq. İmtahana qeydiyyat 22 noyabr saat 16:00-dək davam edəcək.

Qeydiyyat zamanı ali təhsil haqqında məlumatlar "Tələbə-məzun" dövlət elektron məlumat sistemi vasitəsilə yoxlanılır və namizəd haqqında məlumatlar sistemdə olmadıqda onun qeydiyyatı aparılmır. Bu halda Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmuş namizəd ona aid məlumatların "Tələbə-məzun" dövlət elektron məlumat sisteminə daxil edilməsi üçün bitirdiyi təhsil müəssisəsinə müraciət etməlidir. Xaricdə təhsil almış namizədlər və sistemdə ali təhsil haqqında məlumatı olmayan digər namizədlər DİM-ə (Bakı şəhəri, Mikayıl Müşfiq küçəsi 1M və ya DİM-in regional bölmələrinə) müraciət etməlidir. Məlumatları "Tələbə-məzun" dövlət elektron məlumat sisteminə daxil edilmiş namizədlər qeydiyyatdan keçə bilərlər.

Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat verilir. Sertifikatın qüvvədə olma müddəti 5 ildir. Namizəd dövlət qulluğu vəzifələri üzrə bir neçə sertifikat ala bilər.