"Mən xəbərdə böyümüşəm" Görgötür FOTO


Şou-biznes 28 Okt 2019 07:41:00 257 0

"Mən xəbərdə böyümüşəm"  Görgötür  FOTO

Ceyhun Əli: "Düşünürəm ki, insan ilk növbədə özü ilə ədalətli davranmalıdır"

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

15 ildir ki, televiziyada, xəbər sahəsindədir. Bu müddətdə onu paralel olaraq başqa işlərdə də görmüşük, ancaq xəbərdən uzaqlaşmayıb. Deyir ki, işini, xəbəri sevir. İşinin ən çox sevdiyi tərəfi mətn üzərində çalışmaq, kamera ilə ünsiyyət, səhnədən tamaşaçı ilə enerji mübadiləsi olduğunu deyən müsahibimiz İctimai Televiziya və Radio Yayımları Şirkətinin İctimai-Siyasi proqramlar departamentinin aparıcısı Ceyhun Əlidir.

- Bir xanım videonuza belə bir rəy yazmışdı: "Səliqəli görünüşünüz, səlis nitqiniz var". Görünüş mövzusuna da gələrik, amma məncə, birinci nitqlə başlayaq. Bilirəm ki, sizin xüsusilə diqqət etdiyiniz məsələdir.

- Yaxşı başladıq (Gülür). Nitq həyat tərzidir. Əgər nitqimin formalaşmasından danışsaq, bu, ailəmizdən gəlib. Formalaşmağımda nənəmin xüsusi rolu olub. Kiçik yaşlarımda mənə nağıllar, qaravəllilər, yanıltmaclar öyrədərdi. Sonra öyrəndiklərimi ona söyləməyimi istəyirdi. Nələrisə düzəldirdi, qeydlər edirdi.

Orta təhsilimi İncəsənət Gimnaziyasında almışam. Orada çalışan pedaqoqlar müxtəlif bacarıq və istedadı ilə fərqlənən şagirdlərə xüsusi diqqət yetirirdilər. Sevinirəm ki, uşaq ikən həmin pedaqoqlardan dərs almışam. Gimnaziyaya qəbul olanda direktor Oqtay Rəcəbovun qəbuluna apardılar və ona Xəlil Rza Ulutürkün vəfatı ilə bağlı yazdığım şeiri söylədim. O da məni Bədii yaradıcılığa yönəltməyi tapşırdı. Həmin dövrdən başlayaraq müəllimlər formalaşmaqda olan bir uşağın üzərində iş aparmağa başladılar.

Sonra isə universitet təhsilinin rolunu vurğulamaq istərdim. Sevinirəm ki, istər məktəb, istərsə də universitet dövründə peşəkar və gözəl insani keyfiyyətlərə malik müəllimlərim olub. Son dövrlərə qədər ibtidai sinif müəllimimlə belə, əlaqə saxlayırdım. Sonra o, evini dəyişdi və əlaqəmiz itdi. Başqa bir müsahibədə də qeyd etmişəm, yenə demək istəyirəm ki, əgər müəlliməm Züleyxa xanım bizim müsahibəni  oxusa, bilsin ki, onunla əlaqə saxlamaq istəyirəm.

- İnsanlarımızın səlis nitqə yanaşmasında zamanla hansı dəyişikliyi müşahidə edirsiniz?

- Bizim öyrəndiyimiz dövrə nisbətən, hazırda səlis nitqə yiyələnmək imkanları daha əlçatandır. Həmin dövrdə hansısa məlumatı almaq üçün kitabxanaya getməyə məcbur olurduqsa, indi bu məlumatları əldə etmək imkanları daha genişdir. Bir hadisəni danışım. Bir gün dərs üçün müəllimimi gözləyirdim, onun isə o qədər də çox vaxtı olmurdu. Düşünürdüm ki, müəllim maşını televiziyadan bir az uzaqda saxlasaydı, onu orada qarşılayardım, televiziyanın qapısına çatana qədər də ünsiyyət imkanımız daha çox olardı və vaxt qazanardım. İndi öyrədənlər çoxdur, amma baxır hansı formada. Öyrənmək istəyənlərin olmadığını, ya az olduğunu deyə bilmərəm.

- Deyirlər ki, gözəl danışıq qabiliyyətinə malik olmaq hər kəs üçün böyük üstünlükdür.

- Hər kəs nitqi vasitəsilə özünü təqdim etmiş olur. Bir dəfə diktor Rafiq Həşimov Xorxe Luis Borxesin "Qılınc əlin davamıdır" misalını çəkdi. Mən bunu eşidəndən sonra gündəliyimə bir qeyd etmişdim ki, "nitq ruhun davamıdır". Bu qənaətə gələndə və fikri kağıza köçürəndə 19-20 yaşım var idi. İstənilən fəaliyyət sahəsində çalışan şəxs nitqi, hadisələrə münasibəti, daxili vəziyyəti ilə özünü təqdim etmiş olur.

- İstər universitetlərdə, istərsə də müxtəlif şirkətlərdə mühazirələr oxuyur və fərdi dərslər keçirsiniz. Biznes mühitindəki rəhbər şəxslərin nitqinin təkmilləşdirilməsi istiqamətində də işləyirsiniz. Düzgün danışıq texnikasına malik olmaq onların işinin keyfiyyətinə necə təsir edir?

- Daha çox etiraf edirlər ki, əvvəllər ana dilimizin bu qədər zəngin, musiqili olduğunun fərqinə varmayıblar. Nitq onların işinə birbaşa təsir edən amillərdəndir. Maraqlı bir məqamı müşahidə etmişəm. Azərbaycan dili ilə bağlı biliklərini artıran şəxslər işgüzar mühitdə onlara qarşı inamın artdığını etiraf edirlər.

- 3-cü kursdan - 15 ildir ki televiziya sahəsindəsiniz. Bu zaman kəsiyi izləyici üçün yəqin ki bir göz qırpımında keçib. Bəs sizin üçün?

- Bəzən hiss edirəm ki, bir göz qırpımında keçib. 35 yaşa necə çatdığımı bilmirəm (gülür). Hərdən düşünürəm ki, 20-25 yaşımdayam və o dövrdən bəri daxili enerji içimdə daha da artıb. Fəqət hansı mərhələlərdən, çətinliklərdən keçdiyimi, hansı nailiyyətlərimin, uğursuzluqlarımın olduğunu düşünəndə, anlayıram ki, elə də qısa zaman keçməyib.

- Bu müddətdə paralel işləriniz də olub, amma xəbərdən tam uzaqlaşmamısınız.

- Xəbəri sevirəm. Çünki xəbər aparıcı üçün sanki, tonusdur. Mən xəbərdə böyümüşəm. ANS-ə gələndə 20 yaşım var idi. Əvvəlcə təcrübəçi diktor, sonra diktor, sonra aparıcı, reportyor, xüsusi müxbir, radioda aparıcı, xüsusi analitik qrupda müxbir və s. Eyni zamanda, yaradıcılığa da meyl edirdim, ona görə xəbərlə məhdudlaşmamağa çalışırdım.

- İşinizin ən çox sevdiyiniz tərəfi nədir?

- Mətn üzərində çalışmaq, kamera ilə ünsiyyət, səhnədən tamaşaçı ilə enerji mübadiləsi. Hər biri ayrı-ayrılıqda təkmil yanaşma tələb edir.

- Bu, 15 ildə adiləşmədi?

- Adiləşsəydi, indi tamam başqa sahə ilə məşğul olardım. Mətn canlıdır və onu necə oxumaq lazım olduğunu özü sənə deyir. Mətn necə səsləndirilməlisini, oxunmasını və təqdim edilməsini natiqdən, aparıcıdan və ifaçıdan gözləyir. Mətni oxumağın ən yüksək səviyyəsi düşünürəm ki, ifadır. Bu zaman nitq sanki, musiqiyə çevrilmiş olur. Bir mətni bir neçə şəxs oxuyur və hər birinin də öz tamaşaçısı və dinləyicisi var. Məşhur bir kəlam var: Söz həmişə xatırlayır ki, əvvəli musiqi olub.   - Məncə, nə qədər işimizi sevsək də, bəyənmədiyimiz tərəfləri də olur. Aparıcılıqda bəyənmədiyiniz tərəf var?

- Vaxtımı çox almasını demək olar. Ancaq mən özüm bunu bir o qədər də hiss etmirəm. Bəlkə də doğmalarıma, dostlarıma istədiyim qədər zaman ayıra bilmirəm. Yəqin onlar bunu daha çox hiss edir və buna görə onlardan üzr istəyirəm.

- Deyirlər ki, insanın xarakteri çalışdığı işlə uyğunluq təşkil etməlidir. Xarakterinizdə əsas nəyi bu sahə ilə uyğun görürsünüz?

- İnadkarlıq.

- İndiyə qədər nəyi inadkarlıq göstərərək əldə etmisiniz?

- Mən təcrübəçi kimi işə başlayanda bir neçə kanalda müsabiqələrdə iştirak etmişəm. Əksəriyyəti "səndə alınmayacaq" tipli cavablar vermişdi. Hətta kanalların birində demişdilər ki, sən hələ uşaqsan, həyat məktəbini keçməlisən. Mən də o sözü gündəliyimə yazmışdım. 10 ildən sonra həmin sözü söyləyən adamla təsadüfən küçədə rastlaşdıq. Bildirdim ki, televiziyada böyüməyə başlamışam (Gülür).

- Bəs özünüz TV-də işçini seçən tərəf olmusunuz?

- Təəssüf ki, hazırda aparıcılar üçün vaxtaşırı müsabiqələr keçirilmir. Amma reportyorların işə qəbulunda iştirak etmişəm.

- Reportyorları seçəndə bəyənmədiyiniz, uyğun görmədiyiniz halda necə davranırsınız?

- İnsanların umduğunu onlardan əsirgəməməyə çalışıram. Mən də telejurnalist, reportyor olaraq formalaşmağım üçün uzun yol, asan olmayan mərhələlərdən keçmişəm. Külək, ayaz, şaxta vura-vura möhkəmlənirsən. Seçim zamanı ilk növbədə müsabiqədə iştirak edən müdavimin işinə sevgisinin olub-olmadığını hiss etməyə çalışıram. Əgər sevirsə, bu zaman ondan istədiyini əsirgəməməyə çalışıram.