"Müxtəlif ölkələrdə təhsil almağımın səbəbi fərqlilik axtarışıdır" Xaricdə təhsil FOTO


Digərləri 28 Okt 2019 07:28:00 339 0

"Müxtəlif ölkələrdə təhsil almağımın səbəbi fərqlilik axtarışıdır"  Xaricdə təhsil  FOTO

Fidan Əlizadə: "Hər universitet mənə fərqli dünyagörüşü verdi, hər ölkədən fərqli mədəniyyətlər tanıdım"

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Onun haqqında təhsil fədaisidir desək, yanılmarıq. Uşaq yaşlarından tək xəyalı yüksək səviyyədə təhsil almaq və ölkəyə yararlı vətəndaş olmaqdır. Təhsil onun üçün məcburiyyət deyil, xüsusi zövqdür. Üstəlik, çox oxuyan deyil, çox gəzən çox bilər prinsipi ilə də hərəkət edir. Özünü daim öyrənməyə həsr edən həmsöhbətimizi tanıyaq...

Xaricdə təhsil rubrikamızın qonağı Fidan Əlizadədir.

Fidan Bakı Türk Anadolu liseyini bitirib. Deyir ki, məqsədi ali təhsilini də Türkiyədə davam etdirmək olsa da, sonradan fikrini dəyişib: "Türkiyədə arzuladığım universitetlərə qəbul almışdım. Hacettepe, Ankara Universiteti, Yıldız Teknik Universiteti kimi tanınmış təhsil ocaqlarından yararlanmaq şansım var idi. Lakin son anda təhsilimi Avropada almağa qərar verdim. 2 ay İELTS imtahanına hazırlaşdım. Lazım olan keçid balını yığdıqdan sonra Avropa universitetlərinə müraciət etdim. Təqaüdlə təhsil almağı hədəflədiyim üçün ən uyğun variant İtaliyada idi. Çünki sözügedən ölkədə təqaüd imkanı daha üstün idi. Polşadakı bəzi universitetlərdən, Estoniyadan, Almaniyadan da qəbul almışdım. Lakin hərəsində ya 30, ya da 50 faizlik təqaüd imkanı vardı. Ona görə də 100 faizlik təqaüdü seçib, İtaliyada Roma şəhərində Tor Vergata Universitetində iqtisadiyyat fakültəsində 3 illik bakalavr təhsilinə başladım. Orada təhsil aldığım müddətdə Erasmus proqramı ilə Malta Universitetində təhsilimi davam etdirdim. Maltada olduğum müddətdə cavablar açıqlandı ki, Amerikada təqaüdlə West Virginia Universitetinə qəbul olmuşam. Hazırda bu universitetdə təhsil alıram. Sonra yenidən Erasmusa müraciət etdim və hazırda İngiltərədə Sheffield Universitetində təhsilimə davam etmək imkanı əldə etmişəm.

- Fidan xanım, təhsil sizin üçün nədir?

- Məncə, təhsilə marağı insana uşaqlıqdan valideynləri aşılayır. Mən uşaq olanda, anam mənə artıq əlifbanı və hərfləri öyrətmişdi. O, məni oxumağa məcbur etmirdi. Mən sevə-sevə anamla dərs oxuyurdum. Yazmağı, hesablamağı anamdan öyrənmişəm. Nənəm və anam fizika müəllimi olub. Mənə hər zaman deyərdilər ki, sənin damarlarında fizik qanı axır. Mən də uşaqlıqdan texniki fənləri sevirdim və bu sahədə təhsil alacağımı bilirdim. 3-4-cü sinifdə 6-cı sinfin tənliyini edirdim. Artıq 4-cü sinifdən məktəbi bitirib universitetə qəbul olmağı xəyal edirdim. Əlimdə TQDK broşürları ilə ixtisas seçirdim. Təhsilə marağım uşaqlıqdan var. Mənim üçün zaman çox önəmlidir və bu vaxta qədər tək məqsədim yaxşı karyera qurmaq olub. Məsələn, müəllimlərimiz universitetlərdən danışırdı. Onlar danışdıqca mən özümü oralarda xəyal edirdim. Hər zaman məqsədyönlü və çalışqan biri olaraq tanınmışam. Həmişə istəyirəm ki, maksimum dərəcədə bilik alım. Eyni mühitdə qalmağı sevmirəm. Hər dəfə müxtəlif mühitlərə keçməyimin səbəbi odur ki, biliklərimi təkmilləşdirim və gələcəkdə öz ölkəmdə tətbiq edim. Xaricdə müxtəlif ölkələrdə təhsil almağımın səbəbi fərqlilik axtarışıdır. Artıq istəyirdim ki qabığımdan çıxım və əsl Fidanı kəşf edim. Bunun da yolu təhsildən keçir.

- Nə üçün qəbul olduğunuz universitetlə kifayətlənmirsiniz, daim növbəti ölkə və universitet axtarışındasınız?