Bağdadini Türkiyə sərhədinin “çox yaxınlığında” öldürüblər


Dünya 27 Okt 2019 15:19:00 230 0

Bağdadini Türkiyə sərhədinin “çox yaxınlığında” öldürüblər

İŞİD terror təşkilatının lideri, yüz minlərlə insanın ölümündə məsuliyyət daşyan Əbu Bəkr əl-Bağdadinin ABŞ xüsusi təyinatlıları tərəfindən məhv edilməsinin təfərrüatları məlum olub.

Son.az virtualaz.org-a istinadən bildirir ki, əməliyyat İdlib əyalətinin Türkiyə sərhədinə "çox yaxın" Barişa adlı kəndində keçirilib.

"Anadolu" agentliyi bölgədən aldığı məlumatlara əsasən bildirir ki, əməliyyat ötən gecə keçirilib və 4 saat davam edib. Əməliyyatda ABŞ ordusunun 8 vertolyotu və 2 pilotsuz təyyarəsi istifadə edilib.

Məlumata görə, əməliyyatın həyata keçirildiyi ərazi Türkiyə sərhədinin çox yaxınlığında, suriyalı qaçqınların yerləşdirildiyi Tourlaha düşərgəsinin bir neçə kilometrliyində yerləşir. Əməliyyat gecə yarısı, saat 00.00 radələrində başlayıb. Əvvəlcə bölgəyə 8 ABŞ vertolyotu və 2 pilotsuz təyyarəsi gəlib, onlar havadan Barişa kəndi ətrafındakı hədəfi bir saat yarım ərzində intensiv atəşə məruz qoyublar.

Vertolyotlara yerdə Bağdadini qoruyan İŞİD yaraqlıları iriçaplı pulemyotlarla cavab atəşi açıblar. Lakin ABŞ vertolyotları 1.5 saata yaxın davam edən intensiv atəşdən sonra bölgədən ayrılıb. Yarım saat sonra vertolyotlar yenidən geri qayıdıb və hədəfi vurmaqda davam edib. Paralel olaraq vertolyotlardan ABŞ xüsusi təyinatlıları yerə endirilib.

Döyüşün ikinci mərhələsi 2.55 saata yaxın davam edib. Cəmi 4 saatdan çox çəkən əməliyyatın ardınca vertolyotlar bölgədən uzaqlaşıb. Bölgəyə gedən tibb işçiləri əməliyyatın keçirildiyi yerdə tamamilə yerlə bir edilmiş ev və bir neçə yanmış çadır gördüklərini "Anadolu" agentliyinin müxbirinə bildiriblər.

Tibb işçiləri hadisə yerində 3 kişinin, 3 qadının və 1 uşağın cəsədinə rast gəliblər, 5 yaralıya ilkin tibbi yardım göstərilib. Türkiyənin Müdafiə Nazirliyindəki mənbə əməliyyatdan əvvəl ABŞ tərəfinin onları "məlumatlandırdığını" bildirib.