Bakıda valideynlərin 85 faizi övladlarına internet şəbəkəsində nəzarət edir (FOTO)


Digərləri 25 Okt 2019 11:25:00 313 0

Bakıda valideynlərin 85 faizi övladlarına internet şəbəkəsində nəzarət edir (FOTO)

Bakı şəhərində valideynlərin 85%-i övladlarına internet şəbəkəsində nəzarət edir, lakin özlərinə nəzarət etməyi unudurlar

Bakı. “Kaspersky” şirkətinin sifarişi ilə Bakı şəhərində həyata keçirilmiş araşdırmanın nəticələrinə görə, valideynlər övladlarının internetdə fəaliyyətlərini məhdudlaşdırmağa və onların kibertəhlükəsizliyinə görə narahat olmağa meyillidirlər, lakin özləri elementar təhlükəsizlik tədbirlərini unudurlar. Bu barədə “Kaspersky” şirkətinin mütəxəssisləri Azərbaycan Resublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə keçirilən “İnnovasiyalar həftəsi - 2019” çərçivəsində baş tutmuş “Kaspersky Security Day” tədbirindən öncə keçirilmiş Mətbuat Konfransında məlumat veriblər. Mətbuat Konfransı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəisi Faiq Fərmanovun və “Kaspersky” şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədovun salamlama nitqi ilə açıq elan edilib. Mətbuat Konfransında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, habelə “Kaspersky” şirkətinin nümayəndələrinin sahə üzrə məruzə və təqdimatları dinlənilib. “Kaspersky” şirkəti tərəfindən aparılan sorğuda iştirak edən valideynlərin 74%-i bildirib ki, övladının elektron qurğularla keçirə biləcəyi vaxtı məhdudlaşdırır. Respondentlərin 85%-i hər zaman və ya lazım olduğu halda övladının elektron qurğularla nə etdiyinə və internetdə necə vaxt keçirdiyinə nəzarət edir. Paytaxt valideynlərinin 72%-i övladına bu cür nəzarət etməsini etik qaydalara uyğun sayır. Valideyn tərəfindən nəzarət göstəricisinin uşaq yetkinlik yaşına çatdıqda da yüksək qalması maraq doğurur. Məsələn, sorğuda iştirak etmiş valideynlərin yarısı 15-18 yaşlarında olan yeniyetmə övladlarının elektron qurğulardan istifadəsinə nəzarəti normal hesab edir. Araşdırmanın nəticələrinə əsasən valideynlərin 55%-i sosial şəbəkə hesablarında övladları haqqında mütəmadi olaraq foto və yazılar paylaşırlar. Onların yalnız 22%-i övladından şəbəkədə onun haqqında məlumat yerləşdirmək üçün razılıq alır. Rəyi öyrənilmiş valideyn respondentlərin 19%-i sosial şəbəkələrdə uşaqlarının həyatlarından hekayələr paylaşır, 14%-i hobbiləri haqqında yazır, 18%-i geolokasiya, 11%-i isə övladlarının oxuduğu təhsil müəssisəsi haqqında məlumat verirlər. “Kaspersky” şirkətinin mütəxəssisləri xatırladır ki, bu cür şəxsi məlumatların yayılması azyaşlılar üçün potensial risklər yaradır, çünki cinayətkarlar uşağın harada və nə vaxt olması, nə ilə maraqlanması barədə ətraflı məlumat əldə edir və bundan yararlanaraq, onunla əlaqə qurmaq üçün istifadə edir. Bir tərəfdən, paytaxtda yaşayan valideynlər bu potensial risklərdən xəbərdardırlar, buna görə də böyük əksəriyyəti (81%) bu cür postların yalnız dostları tərəfindən görülməsinə icazə verirlər. Lakin maraqlıdır ki, sorğuda iştirak etmiş valideynlərin 62%-i sosial şəbəkələrdə real həyatda tanış olmadıqları insanları dost siyahısına əlavə etdiklərini də etiraf edirlər. Araşdırma nəticələri sosial mediada #ShareSafely həştəqi il təqdim olunur.