"Tarixi müstəvidə Bakı dünyanın enerji paytaxtı, müasir dövrdə isə aparıcı enerji mərkəzlərindən biridir"


Digərləri 24 Okt 2019 10:37:00 340 0

"Tarixi müstəvidə Bakı dünyanın enerji paytaxtı, müasir dövrdə isə aparıcı enerji mərkəzlərindən biridir"

Bərpa olunan enerji mənbələrinin fəal istifadə olunması bu gün qarşıda duran ən mühüm vəzifələrdəndir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın Energetika naziri Pərviz Şahbazov bu gün Bakıda Energetika Nazirliyi və Enerji Xartiyası Katibliyinin birgə təşkilatçılığı ilə "Texnologiya və siyasət innovasiyaları vasitəsilə enerji keçidinin təmin edilməsi" mövzusuna həsr edilən Beynəlxalq Enerji Xartiyası Forumunun açılışında bildirib.

Nazir deyib: "Bərpa olunan enerji mənbələrinin fəal istifadə olunması, həm daxili, həm də xarici investisiyaların bu prosesə cəlb edilməsi, enerji sektorunda rəqabətə əsaslanan liberal bazar modelinə keçid, eyni zamanda, ətraf mühitin mühafizəsi üzrə öhdəliklərin yerinə yetirilməsi əsas vəzifələrimizdəndir".

P.Şahbazov qeyd edib ki, hazırda bərpa olunan enerji mənbələrinin istifadəsi hesabına enerji transformasiyası baş verir.

Daha sonra nazir vurğulayıb ki, Bakının genişmiqyaslı enerji forumları və konfransların keçirilməsi üçün məkan olaraq seçilməsi onun tarixi və dünya enerji arxitekturasındakı müasir rolu ilə bağlıdır:

"Tarixi müstəvidə Bakı dünyanın enerji paytaxtı, müasir dövrdə isə aparıcı enerji mərkəzlərindən biridir".