Türkiyə səfirliyində Azərbaycan media təmsilçiləri ilə görüş


Digərləri 21 Okt 2019 17:04:00 326 0

Türkiyə səfirliyində Azərbaycan media təmsilçiləri ilə görüş

Türkiyənin Bakıdakı səfirliyində Azərbaycan media təmsilçiləri ilə görüş keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, tədbirdə Azərbaycan KİV nümayəndələri və baş redaktorlar iştirak edib.

Görüşdə iştirak edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib ki, Ankara suriyalı qaçqınlara 40 milyard dollardan çox pul xərcləyib.

Səfir əlavə edib ki, buna baxmayaraq Türkiyə ona vəd edilən müavinətləri almayıb.

O qeyd edib ki, Türkiyə hər zaman olduğu kimi bu gün də Suriyanın ərazi bütövlüyünü dəstəkləyir. Buna baxmayaraq Türkiyə Suriya ərazisindən davamlı terror təhdidinə məruz qalıb:

"Türkiyə terrorla mübarizədə qərarlıdır və milli təhlükəsizliyimiz üçün əlindən gələni edəcək. bu gün İŞİD ilə mübarizə aparan dövlət Türkiyədir. Təəssüf olsun ki, müttəfiqlərimizin dəstəyi ilə ölkəmizin hüdudlarında terror dövləti qurmaq istədilər. PYD, YPG sadəcə Türkiyə üçün deyil, bütün bölgə üçün real təhdiddir və Türkiyə buna əsla izin verməz və məhz buna görə də Ankara "Sülh bulağı" əməliyyatına başladı. Türkiyə Suriyada kimyəvi silah istifadə etməyib. Daha öncə müdafiə nazirimiz də dediyi kimi Türkiyə Silahlı Qüvvələrinin inventarında kimyəvi silah yoxdur".

Səfir qeyd edib ki, sabah Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Soçiyə səfər edəcək. Görüşdə Türkiyə ilə Rusiya arasında Suriya da daxil olmaqla bəzi məsələlər müzakirə ediləcək.