Əzəməti ilə görənləri heyran edən bina:


Digərləri 20 Okt 2019 14:30:00 304 0

Əzəməti ilə görənləri heyran edən bina:

Tərtər rayonunun Zolgərən kəndindəki geniş, yaraşıqlı, qədim tarixi olan qırmızı bina görənləri heyran edir. Bina Qarabağın məşhur bəylərindən sayılan, Azərbaycanın görkəmli yazıçısı Nəcəf bəy Vəzirov nəslinin nümayəndəsi Abbas bəyə məxsus olub. 

Son.az bildirir ki, Sputnik Azərbaycan binanın tarixi ilə maraqlanıb.

Zolgərən kənd sakini, Tərtər Elmi Tədqiqat Əkinçilik İnstitutunun Tərtər bölgə təcrübəçilik stansiyasının müdiri Həqiqət xanım Həşimova bildirir ki, Abbas bəyin bir neçə yerdə mülkü olub: "Onun qızı Həcər xanım danışırdı ki, Abbas bəy qalalı (şuşalı - red.) olub. Şuşanın Çuxurməhlə deyilən yerdə evləri var imiş. Şuşanın işğalından əvvəl uşaqlığımda özüm də Abbas bəyin qardaşı Nüsrət bəyin Çuxurməhlədəki evində olmuşam. Bu ev həm qalaya, həm də Cıdır düzünə yaxın yerdə idi. Onu da deyim ki, Abbas bəy Nəcəf bəy Vəzirovun əmisi oğludur".

Həqiqət xanım Nəcəf bəy Vəzirovun "Hacı Qəmbər" əsəri əsasında Azərbaycan teatrında yaradılan "Qıdı kirvə" obrazının Vəzirovlar nəslinə aid bəylərlə bağlılığı haqqında da danışıb: "Abbas bəyin qızı Həcər xanım danışırdı ki, o vaxt dağ yerlərində əkinə yararlı yer az olduğuna görə ermənilər gəlib, bəylərin torpağında əkin-biçin işləri ilə məşğul olarmışlar. Qışlıq azuqələrini əldə edəndən sonra evlərinə qayıdarmışlar. "Qıdı kirvə" obrazı da onlardan götürülüb. Tamaşadakı Əşrəf bəy Abbas bəyin eşik ağası imiş. Buradakı Əşrəf bəy onun şərti adıdır. Ancaq real həyatda həmin adamın adı İsmayıl bəy olub. Həcər xanım söyləyirdi ki, İsmayıl bəy ailənin etimadına layiq olduğuna görə atası Abbas bəy ona bəylik və kənd veribmiş. Tərtərin İsmayılbəyli kəndinin adı da həmin İsmayıl bəyin adı ilə bağlıdır".

"O deyirdi ki, atası Abbas bəy bu evi bir ətək qızıla alıbmış. Torpağı, suyu çox xoşuna gəlib. Tərtər çayının qırağı səfalı yer olduğuna görə buranı bəyənib. Torpağının məhsuldar, bərəkətli olması səbəbindən burada özünə mülk yaradıb. Evin tikintisi zamanı Abbas bəy deyirmiş ki, hündür tikdirib, yuxarısına durbin qoyub, Şuşadakı qardaşımın evinə baxacam. Kəndin adı da belə yaranıb. Zolgörən sözündəndir. Zol-zolaq mənasındadır. Yəni, zolaq boyunca baxanda görmək deməkdir. Həcər xanım Sovet hökumətinin bəylərə qarşı təqibindən yaxa qurtarmaq üçün qorxudan binanın mülkiyyət şəhadətnaməsini yandırdıqlarını deyirdi. Yandırmasaydılar, yəqin ki, müstəqillikdən sonra Abbas bəyin nəslindın olanlar mülkə sahiblik hüquqlarını bərpa edə bilərmişlər" - deyə Həqiqət xanım nəql edir.

Sovet İttifaqının qurulması ilə başlayan sinfi mübarizə bütün bəylər kimi Vəzirovlar nəslinin də taleyinə fəlakət illəri kimi daxil olub. "Mircəfər Bağırovun birinci katib olduğu vaxt Abbas bəyin ailəsi də repressiyaya məruz qalıb. Həmin illər Həcər xanım, mənim nənəm təqiblərdən yayınmaq üçün Bakıda gizlənirmişlər. Bəyzadə, zadəgan ailələrinin hamısı üçün dəhşətli illəriymiş, repressiya olunurmuşlar. Nənəm soyadını dəyişərək Əli Bayramov adına kluba yazılıb. Həcər xanım da soyadını dəyişərək, başqa soyad daşımalı olub. Özlərini qorumaq üçün məşhur bəy nəslindən olduqlarını gizlətmək istəyirmişlər. Vəzirovlar da həmin dəhşətli illərdə amansız tale yaşamalı olublar. Kimisi sürgün olunub, kimisi İrana, Türkiyəyə qaçmaq məcburiyyətində qalıb, kimisi də sui-qəsd nəticəsində öldürülüb" - deyə həmsöhbətimiz bildirir.

Bəzi məlumatlara görə, bina nəzərdə tutulduğu layihə üzrə tam başa çatdırılmayıb. Bəyin evi ehtimal edildiyinə görə, indikindən də hündür olmalıymış. Amma Həqiqət xanımın fikrincə, tikili elə bu hündürlükdə layihələndirilib və başa çatdırılıb.

(adsgarden = window.adsgarden || []).push({});