Gələcək təhsil və iş sistemləri necə çalışacaq?


Digərləri 19 Okt 2019 23:45:00 366 0

Gələcək təhsil və iş sistemləri necə çalışacaq?

2013-cü ildə Nyu York Times qəzeti Miçio Kakunu Nyu Yorkun ən ağıllı adamlarından biri kimi qeyd etmişdi. Yapon əsilli bu amerikalı fizik fizikanın qara dəliklər və kainat genişləməsini öyrənən sahələrində araşdırmalar aparır. Həm də məşhur elm populyarizatorudur.

Son.az bilge.az-a istinadən bildirir ki, alim "Gələcəyin fizikası", "Mümkünsüzlüyün fizikası", "Supersicim nəzəriyyəsinə giriş", "Gələcəyin fizikası" kimi elmi-kütləvi mövzuda yazılmış bestseller kitabların və Discovery, BBC kimi radioteleviziya qurumlarında hazırlanan proqramların müəllifidir. Kaku həm də dünyaca məşhur müəllimdir, Nyu York Siti kollecində nəzəri fizika professorudur və dünyanın müxtəlif intellektual mərkəzlərində mühazirələr oxuyur.

- Siz "Gələcəyin fizikası" adlı kitabınızda gələcək təhsilin internet texnologiyaları və Google Glass tipli qadjetlər (kiçik ölçülü köməkçi cihaz-tərc.) üzərində təməllənəcəyini yazırsız. Bu sferada gələcəkdə daha hansı qlobal dəyişikliklərin baş verəcəyi gözlənilir?

- Əsas dəyişiklik ondan ibarətdir ki, öyrənmə prosesi artıq əzbərçilik əsasında həyata keçməyəcək. Tezliklə komputerlər və Googla Glass eynəkləri bütün zəruri informasiyaların yüklənməsini həyata keçirəcək kiçik linzalara transformasiya olunacaq. Əlavə reallıqla təchiz olunmuş eynəklər artıq mövcuddur və onlarda bu funksiya artıq işləyir. Buna görə də bir neçə ildən sonra şagirdlər və tələbələr imtahan zamanı öz suallarının cavabını internetdə asanlıqla axtara biləcəklər: Bir anlıq göz qırpmaq bəs edəcək ki, istədiyin informasiya tapılsın. Digər tərəfdən beyni lazımsız informasiyalarla doldurmağa heç bir gərək olmayacaq, praktikanın da göstərdiyi kimi, belə biliklər həyatın sonrakı mərhələlərində də insana lazım olmur. Və beləliklə, bu lazımsız bilgilərdən qurtulan əqli rezerv düşünmək, analiz etmək, arqumentasiya və doğru qərar qəbul etməyə istiqamətlənəcək.

- Bu halda imtahanlara və müəllimlərə ehtiyac aradan qalxacaqmı?

- Sözsüz ki, bu halda biz daha avtonom olacağıq, öz həyatımızla bağlı daha böyük məsuliyyət daşımağa başlayacağıq, dolayısıyla, hansısa "kontroledici orqanlara" ehtiyac duyulmayacaq. İnsanlar öz istədikləri formada şəxsi təhsillə məşğul olacaqlar və onlara həqiqətən zəruri olan bilgiləri özləri real olaraq seçə biləcəklər. Əgər xüsusi konsultasiyaya gərək duysalar, bu ehtiyaclarını, örnəyi, "ağıllı" divarların köməkliyilə ödəyəcəklər. Süni intellekt texnologiyalarına əsaslanan belə cihazlar tezliklə hər yanda olacaq: ofislərdə, küçələrdə, mənzillərdə. Divara yaxınlaşıb belə söyləmək kifayət edəcək: "Mən biologiya professoru ilə danışmaq istəyirəm". Və anında divarda sizə lazım olan bütün sualları cavablayacaq alim zühur edəcək. Bu sistem təkcə təhsil sahəsinə deyil, tibb, hüquqşünaslıq, dizayn, psixologiya və digər sferalara da tətbiq olunacaq. Əlbəttə, hansısa mütəxəssislərə real ehtiyac da olacaq, örnəyi, cərrahlara, ancaq sadə problemləri virtual şəkildə həll edə biləcəyik. Müəllimlərə qaldıqda, onlara "canlı", "real" formada gərək duyulmayacağı dəqiqdi.

- İnsanlar şəxsitəhsilə, onlayn-bilgilənmə prosesinə sürətlə uyğunlaşmağı bacaracaqlarmı?

- Universitet onlayn-kursları artıq mövcuddur, bu həqiqətən də parlaq ideyadır. Doğrudur, sözügedən proqramlardan uzaqlaşanların sayı xeyli yüksəkdir. Ona görə ki, insanlar müəllimsiz, "yalnız sən və monitor" prinsipi əsasında işləməyi hələ öyrənə bilməyiblər, bununçün onların motivasiyası yoxdur. Digər tərəfdən, onlayn sistem hələ yenicə yaranıb, düzəlişlərə ehtiyacı var. Ancaq kifayət qədər sürətlə inkişaf edir, mükəmməlləşir və sözsüz ki, gələcək 50 il ərzində təhsil onun əsasında aparılacaq. Universitetlər də mühafizə ediləcək, ancaq əsasən bulud depolaması əsasında çalışan virtual ali məktəblərə çevriləcəklər. Ənənəvi təhsil müəssələrində həyata keçirilən mühazirələrə üz tutanlar uğursuz sayılacaqlar. Onlar barəsində belə söylənəcək: "O, öz təhsil sistemini özü nizamlaya bilmir".

- İndi bilgi dağarcığının əsas göstəricisi diplom sayılır. Gələcəkdə hər hansı bir mütəxəssis bu və ya digər sferada sahib olduğu bilgi və bacarıqlarının keyfiyyətini sərgiləmək və isbatlamaq üçün hansı üsuldan istifadə edəcək?

- Diplomlar gərəksiz olacağına görə ortadan qalxacaq, çünki şəxsitəhsil prosesi müəyyən zaman və məkan çərçivələriylə məhdudlaşmayacaq. Ehtimal ki, xüsusi sertifikasiya mərkəzləri yaranacaq və mütəxəssislər bilik, vərdiş və bacarıqlarını müəyyən etməkdən ötrü ixtisas imtahanlarından keçəcəklər. Və nəticədən asılı olaraq mütəxəssis ya işi əldə edəcək, ya da yox. Yəqin ki, zamanla unifikasiya edilmiş bal şkalası da tətbiq ediləcək və onların sayı insanın cəmiyyət içindəki yerini müəyyənləşdirəcək. Buna müvafiq olaraq universitetlər də xidmət təchizatçıları olacaqlar, fəqət özləri bu xidmətlərin keyfiyyətini ölçməyəcəklər. ABŞ-da, Kanadada, Yaponiyada, Avropada portfolio sistemi çox məşhurdur, insan təhsil prosesi zamanı əldə etdiyi diplomları, sertifikatları, şəhadətnamələri yığır və onu işə götürənə təqdim edir. Toplanmış intellektual baza təhsil sisteminin əsas elementlərindən biri olacaq, informasiya texnologiyaları isə insan xidmətlərini daha əlçatan və şəffaf edəcək.

- Böyüklərdən təhsil prosesinə şüurlu münasibət göstərəcəklərini gözləmək olar. Bəs uşaqlar necə, məgər onlar üzərində davamlı kontrol olmasa, öyrənməyə can atacaqlarmı?

- Uşaq tərbiyəsinə yönəlik xidmətlər də aktiv şəkildə inkişaf edəcək. Yaxın 10-15 il ərzində sistemdışı təhsil imkanları sərhədsiz olacaq. Onlayn pedaqoqika yayğınlaşacaq. Yeri gəlmişkən onlayn dedikdə, hər kəsin komputer qarşısında oturub monitora baxacağını nəzərdə tutmuram, insanların yaşadığı mühitin özü də, qarşılıqlı təsirlənməni həyata keçirən qovuşma nöqtələri də, interfeyslər də dəyişikliyə uğrayır. Gələcəyin informasiya-komunikasiya qərarlarıyla zənginləşən şəhərləri yeni maariflənmiş ortamın öz-özlüyündən yaranan aktiv mərkəzləri olacaqlar. Uşaqlar üçün real şəhərlərdə və xüsusi hazırlanmış məkanlarda, günlərlə və aylarla davam edən böyük oyunların keçirilməsi barədə tez-tez təkliflər irəli sürüləcək. Dərsliklər süni intellektlə əlaqələndiriləcək və o, onun xidmətinə müraciət edən insanların ehtiyacına uyğun olaraq - yaş həddindən asılı olmadan, bu insanın yaşı altı da ola bilər, altmış da - təhsil materialları, fotolar, mətnlər, videolar, çalışmalar, sxemlər tapıb, onlara təqdim edəcək. Bu cür mexanizmlər çoxdur və onlar tədricən yayılmaqdadılar.

- Dövrümüzdə yaxşı mütəxəssis olmaq üçün təməl biliklərə yiyələnməyə və təcrübə toplamağa gərək var. Bəs, gələcəkdə uğurlu insan olmaqdan ötrü nə etmək lazımdı?

(adsgarden = window.adsgarden || []).push({});