“Javelin” raketlərinə görə Ukrayna Trampa nə verib?


Digərləri 19 Okt 2019 22:10:00 290 0

“Javelin” raketlərinə görə Ukrayna Trampa nə verib?

Ötən il Ukraynaya tankəleyhinə raket satışı ilə bağlı qərar Kiyevin ABŞ prezidentinin seçkiqabağı kampaniyasının sabiq başçısına qarşı aparılan araşdırmanı bağlaması ilə hər hansı şəkildə əlaqəlidirmi? Donald Trampın (Donald Trump) impiçment prosedurunu aparan demokratlar bu məsələyə aydınlıq gətirmək istəyirlər.

Son.az xpressa.net-ə istinadən bildirir ki, bu məsələyə maraq Amerika lideri və prezident Vladimir Zelenski arasında baş verən qalmaqallı telefon danışığından sonra ortaya çıxıb. Bu barədə "Politico" nəşrinin müxbirləri Nataşa Bertran (Natasha Bertrand) və Deniel Lipman (Daniel Lippman) yazır.

Məqalədə deyilir ki, Tramp və ya onun yaxın çevrəsi Ukrayna hökumətinə siyasi "xidmət"lə bağlı çoxdandır təzyiq göstərir.

ABŞ ötən ilin may ayında tankəleyhinə "Javelin" raketlərini Ukraynaya tədarük edib. Beləliklə, hər iki partiyanı təmsil edən konqresmenlər tərəfindən dəstəklənən satış prosesi başa çatdırılıb. 2017-ci ilin noyabr ayında Tramp həvəssiz də olsa müvafiq qərarı təsdiqləyib. Ötən ilin aprel ayında isə Ukraynanın o vaxtkı prezidenti Petr Poroşenko Viktor Yanukoviçin korrupsiya əməllərini araşdıran baş prokuror Yuri Lusenkoya ABŞ-ın xüsusi prokuroru Robert Müller (Robert Mueller) ilə əməkdaşlığı dayandırmağı əmr edib. Xüsusi prokuror həmin vaxt Trampın seçkiqabağı qərargahının keçmiş sədri Pol Manafortun (Paul Manafort) Ukraynadakı fəaliyyəti, həmçinin onun Rusiya ilə əlaqələri barədə araşdırma aparıb.

Demokrat senatorlar Dik Darbin (Dick Durbin), Bob Menendes (Bob Menendez) və Patrik Lihi (Patrick Leahy) 4 may 2018-ci ildə Lusenkoya məktub ünvanlayıblar. Həmin məktubda araşdırmanın dayandırılması ilə bağlı "böyük narahatlıq" keçirdiklərini ifadə ediblər. Onlar açıq-aşkar baş prokurordan soruşublar ki, Tramp administrasiyasından kimsə və ya onun adından hansısa bir şəxs Ukrayna hökumətini və ya hüquq mühafizə orqanlarını Müllerlə əməkdaşlığı dayandırmağa məcbur edə bilərdimi? Lusenko sualı cavablandırmayıb.

Heç bir sübut yoxdur ki, Tramp birbaşa Ukrayna hökumətindən Müllerlə əməkdaşlığın dayandırılmasını xahiş edib. "New York Times" qəzetinin məlumatına əsasən, Kiyev Amerika lideri ilə yaxşı münasibəti saxlamaq üçün könüllü şəkildə belə bir addım atıb.

(adsgarden = window.adsgarden || []).push({});