Robotlar nə vaxtsa şüurlu olacaqlarmi?


Digərləri 19 Okt 2019 21:40:00 254 0

Robotlar nə vaxtsa şüurlu olacaqlarmi?

Amerikalı alimlərin bu yaxınlarda yaratdıqları robot əl özünü dərk edir və ətraf mühitdəki dəyişikliklərə tez bir zamanda adaptasiya ola bilir. Bundan başqa, robot əl əvvəldən verilmiş təlimatlara əsasən deyil, müstəqil şəkildə hərəkət edir. Bu yenilik şüurun konkret alqoritm və mexanizmlərə köçürülməsi istiqamətində ilk addım hesab edilir. Araşdırma "Science Robotics" jurnalında dərc edilib.

Bu gün robotların çoxu hələ də insanlar tərəfindən təqdim edilən simulyator və modellərin, ya da uzun müddətli və əziyyətli sınaq-səhv metodunun köməyi ilə öyrədilir. Beləliklə, "Boston Dynamics" şirkətinin ağlasığmaz uğurlu robotlarına baxmayaraq, onlar hələlik insan davranışını imitasiya edə və özlərini insan kimi dərk edə bilmirlər.

Robotlar müstəqil olmaq, müxtəlif vəziyyətlərə və gözlənilməz ssenarilərə tez bir zamanda adaptasiya olmaq üçün özlərini yenidən qurmağı öyrənməlidirlər. Araşdırma müəlliflərindən biri, maşınqayırma sahəsi üzrə professor Hod Lipson (Hod Lipson) bu fikirdədir. Qeyd edək ki, yəhudi mənşəli amerikalı mühəndis 2007-ci ildən nəinki uçmağı, üzməyi və gəzməyi, hətta gülməyi və ağlamağı öyrənən robotlar üzərində işləyir.

Lipson və həmkarı Robert Kvyatkovski (Robert Kwiatkowski) tədqiqat zamanı mexaniki əldən istifadə ediblər. Robot əl əvəlcə təsadüfi şəkildə hərəkət edib, müxtəlif istiqamətlər üzrə təxminən min hərəkət həyata keçirib. Sonra robot özünə oxşar modellərin təsvirlərini yaratmaq üçün dərin təlimdən keçib. Alimlər qeyd edirlər ki, robot modelləşdirmə və modellərin toplanması üzrə heç bir təlimat almayıb. Başqa sözlə, bütün hərəkətləri özü öyrənib.

Lipson bildirir ki, şüur robotların yalnız bir hədəfə yönələn "dar suni inttelekt" məhdudiyyətindən çıxmasına açardır. Tədqiqatçıların sözlərinə görə, yeni doğulan körpənin beşikdə etdikləri - onun ətraf mühiti tanıması, ola bilsin, insan şüurunun təkamül mənşəli üstünlüyüdür. Robot əlin özünü dərk etmə qabiliyyəti hələlik insanın analoji xüsusiyyəti ilə müqayisə edilə bilməz. Buna baxmayaraq, alimlər bunun maşın şüuru dövrünün başlanğıcı olacağına ümid edirlər.

(adsgarden = window.adsgarden || []).push({});