Həftədə dördcə gün işləmək pis fikir deyil,


Digərləri 17 Okt 2019 19:54:00 301 0

Həftədə dördcə gün işləmək pis fikir deyil,

"Saatbaşı hesaba keçid ilk növbədə əmək haqlarının kəskin şəkildə artımına səbəb olmalıdır. Etiraf etməliyik ki, saatbaşı əmək haqları hesablanan ölkələrin tam əksəriyyətindəki orta əmək haqqı ilə və yaxud bütövlükdə əmək haqqı fondu ilə Azərbaycandakı əmək haqqı fondu müqayisə olunacaq səviyyədə deyil. Saatbaşı əmək haqqına keçid əmək haqlarının bütövlükdə ciddi şəkildə artımını diktə edəcək".

Son.az bildirir ki, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov saatbaşı hesaba keçid məsələsindən danışarkən Sputnik Azərbaycan-a deyib.

Ekspert bildirib ki, bundan başqa, hazırda iqtisadi cəhətdən aparıcı ölkələrdə saatbaşı əmək haqqının ödənişinə keçid baş verir: "Amma bunu o ölkələr uğurla həyata keçirirlər ki, onlarda insan kapitalının xüsusi çəkisi çoxdur və iqtisadiyyatda da insan kapitalı ilə bağlı sahələrin xüsusi çəkisi xeyli dərəcədə digər sahələri üstələyir. Çünki iqtisadiyyatın saatbaşı olan ödəmə seqmentlərində daha çox zehni işlə bağlı olan sahələr dominantlıq təşkil edir".

"Digər tərəfdən, bu gün bir sıra problemlər Azərbaycan iqtisadiyyatında ödənişlərin məhz saatbaşı sisteminə keçməsinə mane olur. Burada bütövlükdə saatbaşı sisteminə keçid baş verməlidir. Əgər bir iqtisadi sferada bunu tətbiq etsək, o zaman təhsil sferasına da bunu aid etməliyik. Ailələrdə böyüklər 4 gün işləyir, uşaqlar 5 gün təhsil alırlarsa, artıq burada harmoniya pozulur", - deyə professor müqayisə aparıb.

O qeyd edib ki, ölkəmizdə əmək haqqı aylıq əsasla müəyyən edilir: "Azərbaycanda dörd günlük iş həftəsi tətbiq edilsə, işəgötürənlər daha az iş görən insanlara faktiki olaraq eyni əmək haqqı vermək məcburiyyətində qalacaqlar. Bu isə işəgötürənlər üçün çox ciddi zərər deməkdir. Əgər işəgötürənlər buna getməsələr, onda onlar məcburdurlar ki, əmək haqqını azaltsınlar. Əmək haqqının azalması isə yolverilməzdir. Bütün bu məsələlər son nəticədə inflyasiyaya səbəb olacaq. Bu, çox mürəkkəb prosesdir".

Ekspert bildirib ki, Azərbaycan iqtisadiyyatı yaxın müddətli perspektivdə hələ buna hazır deyil: "Amma tədricən iqtisadi inkişaf reallaşdıqca buna keçid baş verəcək. Çünki dünya iqtisadiyyatında trend bundan ibarətdir və aparıcı milli iqtisadi sistemlər buna keçirlər. Ona görə keçirlər ki, məhsuldarlıq və insan kapitalının xüsusi çəkisi artır. Və insanlara 4 gün ərzində əmək sərf etmək kifayət edir ki, məhsuldarlığın artımı hesabına daha az işləyərək daha çox istirahət və asudə vaxt əldə etsinlər".