Sofiyada Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecə keçirilib (FOTO)


Digərləri 17 Okt 2019 10:04:00 276 0

Sofiyada Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecə keçirilib (FOTO)

Sofiyada Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecə keçirilib

Bakı. Sofiya şəhərində Azərbaycanın Bolqarıstandakı Səfirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Bolqarıstan Elmlər Akademiyası (BEA), Bolqarıstan Yazıçılar İttifaqı və Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı ilə dahi Azərbaycan şairi və filosofu Nəsiminin 650 illik yubileyi çərçivəsində şairin bolqar dilinə tərcümə edilmiş “Seçilmiş şeirlər” kitabının təqdimatı keçirilib. Azərbaycanın Bolqarıstandakı Səfirliyindən Trend-ə gecədə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəyli, BEA-nın prezidenti Yulian Revalski, vitse-prezidenti Vasil Nikolov, Bolqarıstanın Təhsil və Elm nazirinin müavini Denitsa Saçeva, Xarici İşlər Nazirliyinin yüksək vəzifəli rəsmiləri, Bolqarıstan Yazıçılar İttifaqının sədri Boyan Anqelov, direktoru Dimitr Xristov, Tibb Universitetinin rektoru professor Viktor Zlatkov, BEA-nın Etnoqrafiya və Folklor Araşdırmaları İnstitutu və Muzeyinin direktoru Petko Xristov, BEA-nın Ədəbiyyat İnstitutunun direktoru Elka Traykova, Bolqarıstan Baş müftiliyinin əməkdaşları, Bolqarıstan Müsəlmanları Ali İslam Şurasının sədri Vedat Ahmed, Bolqarıstanda Dini İcmalar Milli Şurasının sədri Birali Birali, Bolqarıstan Pravoslav Kilsəsinin nümayəndəsi, Bolqarıstanda akkreditə olunan diplomatik nümayəndəliklərin rəhbər və əməkdaşları, Azərbaycan-Bolqarıstan Dostluq Cəmiyyətinin üzvləri, KİV və QHT nümayəndələri, şair və yazıçılar iştirak edib. Tədbirdə BEA-nın vitse-prezidenti Y.Revalski, səfir Nərgiz Qurbanova, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli, Bolqarıstan Yazıçılar İttifaqının sədri və direktoru B.Anqelov və D.Xristov çıxış ediblər. Tədbirdə AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli tərəfindən BEA-nın prezidenti Y.Revalskiyə dahi şairin 650 illik yubileyi ilə əlaqədar Azərbaycanın Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərmarka” MMC tərəfindən hazırlanmış “İmadəddin Nəsimi - 650” poçt markası təqdim olunub. Tədbiri giriş sözü ilə açan Y.Revalski iki akademiya arasında sıx əməkdaşlığa toxunaraq elm sahəsində illərə söykənən ənənəvi əlaqələrin mövcud olduğunu bildirib, bir neçə gün öncə AMEA-nın prezidenti, akademik Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyətinin BEA-nın 150 illik yubileyi ilə əlaqədar keçirilmiş təntənəli mərasimdə iştirak etdiyini, AMEA tərəfindən cari ildə 130 illik yubileyi qeyd olunan və Bolqarıstanda ən qədim və Balkan yarımadasında bu sahədə ən qədim və ən zəngin muzey olan BEA-nın Milli Təbiət Tarixi Muzeyinə hədiyyə edilmiş qranat mineral daşını məmnuniyyətlə xatırlayaraq bu dəyərli hədiyyəyə görə AMEA-ya təşəkkürü ifadə edib. Rəhbərlik etdiyi qurumun Nəsimiyə həsr olunmuş gecəyə ev sahibliyi etməsindən məmnunluğunu bildirərək Azərbaycanın Bolqarıstandakı Səfirliyinin təşəbbüsü ilə mədəniyyət və incəsənət sahəsində çoxsaylı tədbirlərin keçirildiyini və bu tədbirlərin iki ölkə arasında yaxın münasibətlərin göstəricisi olduğunu əlavə edib. Səfir N.Qurbanova dahi Azərbaycan şairi, mütəfəkkiri və filosofu və Şərq ədəbi və fəlsəfi fikrinin parlaq simalarından olan Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Bolqarıstanda keçirilən tədbirin BEA-nın 150 illik yubileyinə təsadüf etdiyini vurğulayıb, Nəsiminin doğma dildə Azərbaycan poeziyasının banilərindən və Azərbaycan dilində ilk divanların müəlliflərindən biri olduğunu söyləyib. İnsan, Bəşəriyyət, Məhəbbət və Allah mövzularının onun yaradıcılığında mərkəzi yer tutduğunu qeyd edən səfir Nəsimi yaradıcılığının insanla bəşəriyyətin vəhdətini nümayiş etdirməsi və ruhun kamilliyinə gətirib çıxaran yolları aşkar etməsi barədə söz açıb. N.Qurbanova dərin ensiklopedik biliyə malik olan şairin 600 illik yubileyinin Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1973-cü ildə YUNESKO-nun tədbirlər siyahısına daxil və bu təşkilat çərçivəsində qeyd edilməsi barədə danışıb. Səfir iki il öncə şairin ölümünün 600 illiyinin Parisdə qeyd edilməsi, ötən ildən etibarən Nəsiminin doğulduğu Şamaxı şəhərində Nəsimi – şeir, sənət və mənəviyyat festivalının keçirildiyini əlavə edib. Akademik İ.Həbibbəyli ümumşərq miqyasında qüdrətli şair və Azərbaycan hürufizm ədəbiyyatının görkəmli yaradıcısı Nəsimi barədə məlumat verərək bildirib ki, o, böyük bir ədəbi məktəb yaradıb. Akademik orta əsr klassik Azərbaycan lirikasının bənzərsiz nümunələrini yaratmış İmadəddin Nəsiminin şeirlərinin insanın qüdrəti haqqında himn kimi səsləndiyini, onun şeirlərində kamil insan olmağa qüvvətli çağırışların ifadə olunduğunu, şairin kamil insanı təkcə real dünyanın yox, geniş mənada kainatın ən uca varlığı kimi vəsf etdiyini əlavə edib. O davam edib ki, İmadəddin Nəsimi yaradıcılığında ilhamla vəsf olunan kamil insan obrazı orta əsr Azərbaycan şeirində bədii sözdən yoğrulmuş əzəmətli insan heykəlidir. İ.Həbibbəyli Nəsiminin daha çox aşiqanə ruhda inkişaf edən Azərbaycan poeziyasında ictimai motivlərə geniş yer ayırmasından, onun poeziyasında nəsihətçiliyin arxa plana, həyat fəlsəfəsi və mübarizə ruhunun ön mövqeyə keçməsindən bəhs edib və şairin məşhur “Sığmazam” qəzəlini Azərbaycan dilində ifa edib. Bolqarıstan Yazıçılar İttifaqının sədri B.Anqelov poeziyanın tarixi, dini və mənəvi sərhədlərinin olmadığını bildirərək şairin həyatı barədə qısa məlumat verib. O, “Mən Allaham” deyən şairin 1417-ci ildə edam edildiyini bildirib və şairin əsərlərindən tərcümələr səsləndirib. Bolqarıstan Yazıçılar İttifaqının direktoru D.Xristov Nəsiminin əsərlərinin ilk dəfə bolqar dilinə tərcümə edildiyinə diqqət çəkərək məhz bu prosesin Nəsimi irsinin, onun davamçılarının və Şərqin dahi şairlərinin yaradıcılığının tədqiq edilməsinə təkan verəcəyini ümid etdiyini bildirib. O, Nəsiminin “Seçilmiş şeirlər” kitabının bolqar dilində nəşrinin bolqar oxuyucuların Azərbaycan mədəniyyəti ilə yaxından tanış olmağa və xalqlarımız arasında oxşarlıqları kəşf etməyə imkan yaradacağına əminliyini bildirib. Sonda tərcüməçilər İvan Esenski və Nadya Popova ölməz şairin şeirlərindən parçalar səsləndirib və Nəsimi yaradıcılığı barədə fikir və təəssüratlarını bölüşüblər. Tədbirdə Nəsimin “Seçilmiş şeirlər” kitabı ilə yanaşı, “Baku” və “İrs” jurnalları təqdim olunub. Rəsmi hissədən sonra qonaqlara Azərbaycan milli təamları təqdim olunub. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin