İnsanın azadlığı yolunda duran 10 daxili büt


Digərləri 15 Okt 2019 23:50:00 434 0

İnsanın azadlığı yolunda duran 10 daxili büt

Bismilləhir-Rahmənir-Rahim!

Bugünkü bəhsimizdə biz "İslamın nəzərində həqiqi insan azadlıqları, həqiqi insan hüquqları nədir?" müstəvisində mövzunu davam etdirəcəyik.

İstənilən məsələdə, istənilən mövzuda, qarşıya çıxan istənilən çətinlikdə hər bir məktəb, hər bir dünyagörüşü özünün məntiqini, düşüncəsini, təfəkkürünü, baxışını təqdim edir. Bu məktəblər, bu yollar arasında o yol daha çox üstünlük təşkil edir ki, realist dünyagörüşünə, insanın həqiqi yaşamı ilə bağlı olan dünyagörüşünə daha çox uyğun olur.

Biz bəhslərimizdə ona da toxunduq ki, azadlıq anlayışına 200-dən çox tərif verilib, amma bütün cəzzabiyyətinə baxmayaraq, insanda nə qədər şövq oyatmasına baxmayaraq, bu söz heç də hamı tərəfindən müsbət yöndə tövsif olunmur, heç də bütün anlamları insanı avtomatik olaraq təkamülə aparmır. Onun müsbət və ya mənfi olması - bu anlayışı hallandıran, onu tətbiq edənin dünyagörüşünə köklənir.

Xalis bəndəlik

İki şey var ki, bu bəhsi edərkən onlar bilinməlidir. Ondan sonra azadlıq sözü ya müsbət hala keçir, ya mənfi hala. O iki şeydən birincisi budur ki, gərək insan ayırd edə nədən azadlıq. İkincisi də - nə üçün azadlıq. Misal üçün adam var, deyir mən elə istəyirəm insanlıqdan azad olum, insani sifətlərdən azad olum. Bu halda "azadlıq" çox mənfi bir mənaya dəlalət edir. İnsan da var, deyir mən istəyirəm yalançı xurafatlardan azad olam. Bu, olur müsbət mənada azadlıq.

İslam alimlərindən biri azadlıq sözünə bir tərif verir, özünün də vurğuladığı budur ki, bu, təqribi bir tərifdir. Deyir: azadlıq - yəni Allaha xalis bəndəlik etmək. Azad insan - o insandır ki, Allahın xalis bəndəsi olsun və şirkin bütün növlərindən uzaq olsun. İnsan əgər bütsındıran olsa, insan əgər daxili bütünü sındırsa, öz mənəmliyini, özünün daxilindəki bütünü Allaha şərik qərar verməsə, insan əgər öz daxili bütündən qurtulsa - o, olar azad insan. İnsan yalnız şirkin bütün növlərindən azad olduğu təqdirdə, daxili və xarici bütləri Allaha bərabər tutmaqdan, Ona şərik qərar verməkdən imtina etdiyi təqdirdə azad ola bilir.

Yəni, İlahi olmayan hər şeydən uzaq olmaq - həqiqətdə azad olmaq, hürr olmaq, azadlığa nail olmaq deməkdir. Həzrət Əlidən (ə) mübarək bir hədis var. Buyurur: Allahdan qeyrisinin qulu olma, Allah səni hürr və azad xəlq edib. İnsan gərək anlaya bunu, bu beşgünlük dünyada Allahdan qeyrisinin qulu olmasın.

İnsanşünaslıq nəyə lazımdır?

Allah bizi bir insan kimi xəlq edəndə hürr xəlq edib, azad xəlq edib. Buradan aydın olur ki, azadlıq və ümumən insan haqları yalnız İlahi müstəvidə mümkündür. Əgər bundan kənara çıxsa, azadlığın özünə zülm edilib. Çünki, hər hansı anlayış Ən Aliyə dayanmadıqda, həqiqi durumundan çıxaraq, surroqat vəziyyətə keçir.

Biz keçən bəhslərimizdə gəlib çıxdıq o yerə ki, əgər istəsək insanla bağlı istənilən bir şeyi həll edək, gərək əvvəl aydın edək insan özü kimdir. Keçən bəhsimizdə qeyd olundu: dünya bu gün qarşısına insanşünaslıq, insan tanıma, insanın vücudi baxımdan araşdırma baxımından vəzifə qoymalıdır. Əks təqdirdə, yanlış yolla gedərək, yanlış nəticələrə gəlmiş olar.

Bunu adi məntiq deyir. İstənilən nə iləsə bağlı bir həqiqətə çatmaq istəyiriksə, gərək əvvəl o obyektin özünü tanıyaq, o fərdin özünü tanıyaq. Absurd olar ki, insan kompüterdə işləmək istəyə, amma bilməyə ki, kompüter nədir. Maşın sürmək istəyə, bilməyə maşın nədir. Dövlət idarə etmək istəyə, bilməyə dövlət nədir. Cəmiyyətdə prosesləri tənzimləmək istəyə, bilməyə cəmiyyət nədir. İnsan psixoloqu olmaq istəyə, amma bilməyə insanın psixologiyası nə olan şeydir. Bunlar nə olar? Belə olsa, hər şeyə zülm olunar. Kompüterə də zülm olunar, maşına da zülm olunar, dövlətə də zülm olunar, topluma da zülm olunar, vətəndaşa da zülm olunar.

Əvvəl insanı tanımalıyıq. İnsanı tanımaq üçün Allah Təala Öz tərəfindən 124000 mübarək insan göndərib. 124000 peyğəmbər (ə) gəlib ki, insana insanı tanıtsınlar.

Hidayət yolu

Bəşəriyyət birgünlük, beşgünlük nəzəriyyələri çox görüb. Hanı Leninin nəzəriyyəsi ki, yüzmilyonlarla insanın taleyinə təsir buraxırdı, böyük-böyük imperiyaların müqəddəratını həll edirdi?! Heç 100 il çəkmədi ömrü. Tarixin zibilliyinə elə atılıb ki, daha oradan qayıtmaq şansı belə yoxdur. Hanı bir baxışları ilə milyonları əsdirən stalinlər, hitlerlər və digərləri? Hərəsi bir nəzəriyyə sahibi idi. Amma 10-15 ildən uzun sürmədi ömürləri bu nəzəriyyələrin. Özləri ölən kimi, nəzəriyyələri də özləri ilə birlikdə unuduldu.

Amma dünyanını hər yerində İlahi peyğəmbərlər (ə) ən ağır şəraitdə mübarək təlimlərini yayıblar və bugünkü dünyada müsbət nə varsa, onların gətirdiyi Haqq Sözdən mənbələnir. Sonradan 1000 dəfə təhrif etmək istəsələr də, Haqq Sözün mahiyyəti o qədər güclüdür ki, bütün cəhdlərə baxmayaraq, aradan yüzillər keçsə də, yenə də diri və təravətlidir.

Bəşər inkişaf etdikcə, gəlib çatır ona ki, insan tanımaq istəsə, gərək həqiqi insan tanıda bilən kəsə müraciət edilsin. Qurani-Kərimdə də buna işarə edilir. "Ali-İmran" surəsinin 19-cu ayəsində buyurulur: "Şübhəsiz Allah yanında (peyğəmbərlərin gətirdikləri və şəriət şəklində bəşəriyyətə təqdim etdikləri həqiqi) din - həmin İslamdır ...".

Biz görürük bəyan edilir ki, Allah yanında hidayət yolu, həmin o insanı səadətə çatdıra bilən bir sistem, bir təfəkkür, bir metod - İslam inancıdır.

Yaxud, biz görürük "Ali-İmran" surəsinin 85-ci ayəsində deyilir: "Kim İslamdan başqa bir din axtarışında olsa, əsla ondan qəbul olunmayacaqdır və o, axirətdə ziyana düşənlərdəndir".

Allah Təala buyurur ki, həqiqi tanımanın yolu İslamdan keçir. O birilər ya küfr ediblər - həqiqəti gizlədiblər, ya həqiqətə zülm ediblər, ya fisq ediblər - həqiqətin hüdudlarını, qırmızı xətlərini pozublar. Niyə? Çünki, İslam axırıncı İlahi təlim olaraq bəşəriyyətə təqdim edilib. Öncəki təlimlər isə, təəssüf ki, xeyli dərəcədə deformasiyalara uğramışdılar.

Beləliklə, biz əvvəl aydınlaşdırmalıyıq ki, görək bu insan kimdir, bu insan niyə yaranıb? İnsan bunları ayırd etmədən nə azadlığını, nə də başqa məsələlərini ortalığa çıxara bilməz.

10 daxili büt

Mütəxəssislər deyir ki, insan daxili və xarici ünsürlərin təsiri altındadır. İnsanın daxili çox mühümdür, demək olar insanın daxili, onun xaricindən qat-qat çox təsir göstərir insana. İnsanın daxili bütləri ola bilir. Daxili həqiqi azadlığa çatmaq üçün maneələr var ki, bunlardan biri - cahillikdir. İnsan lazım olan kimi və nəyisə tanımayanda, həqiqətə zülm edəndə, o cahillik, o nadanlıq dönür olur böyük bir büt. Olur insanın həqiqi azadlığa, həqiqi hidayətə çatmasında böyük bir maneə.

İkincisi - yersiz təəssübdür. Fərqi yoxdur nə formada. Fərdi təəssüb ola, məhəllə təəssübü ola, yaxud tayfa təəssübü ola - heç bir fərqi yoxdur. Bunlar insanın daxilindəki maneələrdir, bütlərdir ki, qoymayır insan həqiqi azadlığa çata.

Üçüncüsü - insanın özünü bəyənməsidir. İnsan özünü bəyənsə və özündən başqa nə varsa, özünün eqosentrik nəzərləri ilə baxsa - özündən büt düzəldəcək. Əgər insan ancaq ondan gələn həqiqətləri həqiqət kimi görsə, özü olmadığı məsələləri isə lazımsız saysa - özünü məhdud edir. Özünü bəyənməsi səbəb olur insanın daxilində böyük bütün əmələ gəlməsinə. Bu büt mane olur insanın həqiqətə çatmasına.

Dördüncü maneə - insanın inersion təfəkkürüdür. İnsanın hansısa bir çərçivələrdə təfəkkürü ki, insanı yalnız ağ və qara rənglərdə düşünməyə vadar edər. İnsanı rəngarəng görməyə imkan verməz. Ətalətli təfəkkür çox tənqid olunub İlahi məntiqdə.

Beşincisi - insanın hisslərinin irtica mövqeyində tərbiyə olunmasıdır. İnsan daxilən irticaçı ola, insan daxilən yenilik sevməsə, insan daxilən reaksion olsa - bu da bir maneəyə çevrilər.

(adsgarden = window.adsgarden || []).push({});