"İkinci evliliklə bağlı qərarımda qarşımı kəsən odur"


Şou-biznes 15 Okt 2019 13:36:04 284 0

"İkinci evliliklə bağlı qərarımda qarşımı kəsən odur"

"Hər zaman anam Allah xofu ilə bizi qorxudub ki, o, sənin də başına gələ bilər".

Uzun müddətdir efirlərə çıxmayan müğənni Damla Son.az-ın suallarını cavablandırıb.

Adınızı dəyişib Damla qoydunuz. Əlinizdə olsaydı, keçmişinizlə bağlı daha nəyi dəyişərdiniz?

- Məsələ burasındadır ki, adımı da özüm dəyişməmişəm. Bu proyekt rəhbərinin ideyası olub. İnsan yaşa dolduqca, yaşadıqca, həyatında nələrisə dəyişməyə can atır. Düzdür, mən xarici görünüşdə dəyişikliklərə qaçan insanlardan deyiləm. Amma işlərimdə janr etibarı ilə dəyişikliklər düşünürəm. O da bəstələrimizdə özünü büruzə verəcək. 

İnsan hər zaman hansı yaşında olursa olsun, dünənində nələrisə dəyişmək istəyir. O da, təbii ki, əlimizdə deyil. Əlimizdə olan yalnız keçmişdə buraxdığımız səhvləri təkrarlamamaqdır. Dəyişmək istərdim çox şeyi, artıq o yaşanıb. Yaşanacaq bir şeyi necə dəyişmək olar? 

Efirlərdə son zamanlar az-az görünürsünüz. Telekanallarda sizə qadağa var, yoxsa artıq reklama ehtiyac duymursunuz?

- Əstağfurullah! O, yekəxanalıq baxımından deyil. Sadəcə olaraq, mən istəmirəm tez-tez efirlərdə görsənmək, hər gün proqramlarda olmaq. Təsəvvür edin, tamaşaçı hansı kanalı açır - Damla. İnsanları bezdirmək istəmirəm. Zamanında da mən belə olmuşam. Mən heç vaxt gündə efirə çıxan müğənni olmamışam. İlə iki dəfə çıxırıq, elə olur ildə bir dəfə görünürük. Mən hər zaman yeniliklərlə - yeni mahnılarla, yeni kliplərlə, yeni proyektlərlə görünmək istəyirəm. Bir il ərzində bir yeni mahnı yazıdırıb, 20 verilişə çıxıb hər dəfə eyni mahnını oxumaq istəmirəm (gülür). 

Yəqin ki, bəzi xanım həmkarlarınızın "Həci" mövzusu ilə maqazin gündəmini zəbt etdiklərindən xəbərdarsınız...

- Mən özəl mövzulara qapalı insan olduğum üçün və hər kəsin fikrinə hörmətlə yanaşdığım üçün bu mövzularda cavab verə bilməyəcəm. Çünki özəl həyatdırsa, bağlı qalmalıdır. Kim hansı həyat tərzini seçir, kim kimlə xoşbəxtdir, Allah daimi etsin. Başqa bir şey deyə bilməyəcəm. Bu, onların şəxsi həyatıdır. Mənim nə həddimə deyim ki, səhv edirlər, düz edirlər. Bu, mənə düşməz. 

Bəs sizin şəxsi həyatınızda vəziyyət nə yerdədir?

- Təkəm, evlilik yoxdur. Özəl həyat yoxdur. Hal-hazırda işlərimlə məşğulam. Bu aralar konsertlər düşünürük. Mən özünü yaradıcılığına həsr edən insan olduğum üçün bütün söz-söhbətlərdən qaçıram. Mənə belə daha rahatdır. 

Hələ 31 yaşınız var. Bəs nə vaxtsa ikinci dəfə ailə həyatı qurmaq barədə düşünürsünüz?

- Mən zamanında "heç vaxt, heç vaxt" çox demişəm. Deyirlər e, hər insanın çılğınlıq dönəmi olur. Amma insan yaşa dolduqca bunu arzulayır. Qismətdə xeyirlisi olacaqsa, Allah nəsib eləsin. Yox, əgər peşmançılıq yaşanacaqsa, yenə ağrı-acı olacaqsa, belə həyat (Red: təklik) mənə daha rahatdır. Xeyirlisi olsun inşəAllah, olacaqsa. Amma hazırda planımda evlənəcəyim bir insan yoxdur. Özəl həyatda yenilik yoxdur. 

Təklikdən qorxmaq kimi bir fobiyanız yoxdur?

- Oğlum var. İnşəAllah evlənər, gözəl bir qız alar. O da ikinci övladım olar. Bərabər yaşayarıq. Mən ilanla da, ən çətin adamla da yola gedəsi bir insanam. Mənlə yola getmək çox asandır. Allah qismət eləsin oğlumun xoş gününü görüm. Yaxşı bir ailənin qızı gəlsin, sevsin, övladları olsun, nəvələrimə başım qarışsın. Təklik Allaha məxsusdur. Niyə tək qalıram ki, gül kimi balam var. 

Təzəlikcə sürpriz evlilik təklifi almısınız?

- Əslində, yox. Bəlkə də şərait yaratmıram deyə olmayıb. Mən yalnız işə adaptasiya olmuşam, hazırda da beynim yalnız işlə yüklənib. Yorulmusunuz məndən, ərə gedim oxumayım mən? (gülür). Efirlərdə görünməməyim adətən belə şübhələr yaradır.