ADU-nun rektoru Fransa səfiri ilə görüşüb (FOTO)


Digərləri 14 Okt 2019 19:37:44 280 0

ADU-nun rektoru Fransa səfiri ilə görüşüb (FOTO)

Kamal Abdulla Fransanın ölkəmizə yeni təyin olunmuş səfiri Zakari Qros ilə görüşüb.

Bakı. Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla Fransanın ölkəmizə yeni təyin olunmuş səfiri Zakari Qros ilə görüşüb. Universitetdən Trend-ə verilən məlumata görə, təhsil ocağının rəhbəri diplomatı universitetdə görməkdən məmnun olduğunu bildirib və Azərbaycandakı fəaliyyətində ona uğurlar arzulayıb. Rektor Fransa-Azərbaycan arasındakı münasibətlərin bundan sonra da daim yaxşı məcrada inkişaf edəcəyinə ümidvar olduğunu deyib. 70 ildir fəaliyyət göstərən universitetin əsas məqsədinin fransız, ingilis və alman dili tədris edən müəllimlər hazırlanılması olduğunu deyən akademik, sonrakı illərdə siyahıya son dərəcə vacib olan dillərin də əlavə olunduğunu diqqətə çatdırıb. Kamal Abdulla 20-yə yaxın dilin tədris olunduğu universitetdə fransız dilinin əsas dillərdən biri olduğunu söyləyib. 4 fakültənin, 3 kafedranın fransız dilinin tədrisi ilə məşğul olduğunu deyən rektor hazırda fransız dili üzrə 430 tələbənin təhsil aldığını, 50 müəllimin tədrisi həyata keçirdiyini qeyd edib. Kamal Abdulla rəhbərlik etdiyi universitetlə Fransanın qabaqcıl təhsil müəssisələri arasında beynəlxalq əməkdaşlığın mövcud olduğunu vurğulayıb. Universitet rəhbəri həyata keçirilən “Səfir saatı” klubunun fəaliyyəti ilə diplomatı tanış edib və onu həmin klubda tələbələrlə görüşüb müzakirələr aparmağa dəvət edib.