Yanvarsentyabr ayları ərzində Azərbaycan hava limanlarından 4,3 milyon sərnişin istifadə edib


Digərləri 14 Okt 2019 15:18:00 316 0

Yanvarsentyabr ayları ərzində Azərbaycan hava limanlarından 4,3 milyon sərnişin istifadə edib

2019-cu ilin ilk doqquz ayı ərzində Azərbaycanın hava limanları 4,3 milyon sərnişinə xidmət göstərib.

2019-cu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın beynəlxalq hava limanlarından istifadə etmiş sərnişinlərin sayı 4,3 milyon nəfər təşkil edib.

Heydər Əliyev Beynəlxalq Aeroportunda 3,7 milyon sərnişinə xidmət göstərilmişdir ki, bu da ötən ilin müvafiq göstəricisi  ilə müqayisədə 6% çoxdur.

Göstərilən müddət ərzində Naxçıvan aeroportu 501 min sərnişin ilə sıxlıq üzrə ikinci, Gəncə aeroportu isə 115 minlik sərnişin axını ilə üçüncü olub.

2019-cu ilin doqquz ayı ərzində milli aviadaşıyıcı -  AZAL 1,6 milyon, milli loukoster "Buta Airways" isə 443 min sərnişin daşıyıb.

Paytaxtın hava limanının beynəlxalq uçuşlarda sərnişin sayı 3,2 milyon nəfər təşkil etmişdir. Sərnişin aviadaşımaları üzrə aviaşirkətlərin onluğuna AZAL və "Buta Airways" ilə yanaşı "Turkish Airlines" (Türkiyə, 376 min sərnişin), "FlyDubai" (BƏƏ, 194 min sərnişin), "Aeroflot" (Rusiya, 151 min sərnişin), "AirArabia" (BƏƏ, 130 min sərnişin), "UIA" (Ukrayna, 97 min sərnişin), "Qatar Airways" (Qətər, 81 min sərnişin), "Lufthansa" (Almaniya, 53 min sərnişin) və "SCAT" (Qazaxıstan, 47 min sərnişin) daxil olub.

2019-cu ilin sentyabr ayında Heydər Əliyev Beynəlxalq Aeroportundan 60-dan çox müxtəlif istiqamətə 33 sərnişin aviaşirkəti uçuşlar həyata keçirib.