Bakıda MDB dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının iclası keçirilir (FOTO)


Digərləri 14 Okt 2019 12:25:22 243 0

Bakıda MDB dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının iclası keçirilir (FOTO)

Bakıda MDB dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının XXXII iclası öz işinə başlayıb.

Bakı. İlhamə İsabalayeva - Bakıda MDB dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının XXXII iclası öz işinə başlayıb. Trend-in məlumatına görə, həmin dövlətlərin aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərinin, sosial tərəfdaşların, beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi iclasda məqsəd üzv dövlətlərdə əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində görülən işlərin, dövlətlərarası əməkdaşlıq və gələcək fəaliyyətin istiqamətləri, əhaliyə sosial xidmətlərin göstərilməsi ilə bağlı müzakirələrin, məlumat və təcrübə mübadilələrinin aparılmasıdır. Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar. Sonra Şəhidlər xiyabanı ziyarət olunub, qəhrəman Vətən övladlarının xatirəsi anılıb. Məşvərət Şurasının Əsasnaməsinə uyğun olaraq Şuraya sədrlik ev sahibliyi edən tərəfin Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, həmsədrlik isə əvvəlki iclasa sədrlik edən və gələcək iclasın sədri olacaq nazirlər tərəfindən həyata keçirilir. İclasın açılışında qonaqları salamlayan, Şuranın sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Azərbaycanda sosial sahədə inqilabi islahatların baş verdiyi bir ildə ölkəmizin belə br mötəbər tədbirin məkanı kimi seçildiyini məmnuniyyətlə qeyd edib. Nazir MDB ölkələri arasında məşğulluq, əmək, miqrasiya və sosial müdafiə kimi getdikcə daha çox əhəmiyyət kəsb edən sahələrdə əməkdaşlığın inkişafının vacibliyini diqqətə çatdırıb. O, hazırkı iclasın gündəliyində dayanan məsələlərlə əlaqədar ötən dövrdə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan uğurlu sosial-iqtisadi islahatları diqqətə çatdırıb. Sahil Babayev bildirib ki, 2003-cü illə müqayisədə Azərbaycanın ÜDM-i 3,4 dəfədən, orta əmək haqqı 7,5 dəfə, minimum pensiya 10 dəfə artıb, 2,2 milyondan çox yeni iş yeri yaradılıb, işsizlik və yoxsulluq səviyyəsi 5%-ə düşüb. Cari il ərzində minimum əmək haqqının 93%, minimum pensiyanın 72%, sosial müavinət və təqaüdlərin orta hesabla 2 dəfə artırılması, 2 yeni növ təqaüdün təsis edilməsi və s. kimi tədbirlər 4 milyon 200 mindən çox vətəndaşın rifahına əhəmiyyətli sosial dəstək verdi. Nazir Prezident İlham Əliyevin fərmanları, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə nazirliyin tərkibində DOST Agentliyi yaradıldığını vurğulayıb. O bildirib ki, yeniliyi ilə unikal olan DOST layihəsi vahid elektron platformada 132-dən çox sosial xidmətin göstərilməsində tam şəffaflıq, çeviklik, operativlik və rahatlığı təmin edir. 9 may 2019-cu ildə ilk DOST Mərkəzinin açılışı olub. 5 ayda müraciət edənlərin sayı 40 mindən çox olub, sorğular nəticəsində isə DOST xidmətlərinin keyfiyyətindən tam məmnunluq səviyyəsinin 93%-i keçdiyi müəyyən edilib. Bu ilin sonuna qədər daha iki DOST mərkəzinin açılması, 2025-ci ildə isə ölkədə onların sayının 31-ə çatdırılması planlaşdırılır. Sahil Babayev ölkəmizdə 2018-ci ilin sonlarında istifadəyə verilən, 16 altsistemi, 2 reyestri birləşdirən vahid “e-sosial” portalı barədə məlumat verib. Qeyd edib ki, portal vasitəsilə vətəndaşlar əmək, məşğulluq, əlillik, sosial müdafiə və sosial təminatla bağlı özləri haqqında tam məlumat əldə edə, habelə nazirlik tərəfindən təqdim olunan 100-dən çox xidmət növündən yararlana bilərlər. “Məşğulluq” altsistemi isə işsiz və iş axtaran vətəndaşların, həmçinin işəgötürənlərin, məşğulluq xidmətlərinin elektron platformada təmin olunmasına imkan verir. İşə qəbul olunanların, habelə işsiz və iş axtaranların qeydiyyatı, avtomatlaşdırılmış iş bankı və Dövlət Məşğulluq Xidməti tərəfindən göstərilən bütün elektron xidmətlər bu altsistemdə əhatə olunur. Oktyabr ayının sonunda Məşğulluq alt sistemi tam istifadəyə veriləcək.