Cibimizdə daşıdığımız bomba Araşdırma


Digərləri 14 Okt 2019 04:30:00 363 0

Cibimizdə daşıdığımız bomba  Araşdırma

Batareyası şişmiş telefonlar partlamağa meyillidir

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Mobil telefonlar müasir dövrdə ən yaxın köməkçimizə çevrilib. Ağıllı telefonlar həyatımızın bütün anlarında bizimlədir və işlərimizi asanlaşdırır. Okeanın o tayı ilə danışır, yemək sifariş verir, mail yazır, demək olar ki, bütün işlərimizi həll edirik. Lakin bəzən arzu olunmayan hallar da yaşana bilər. "Ağıllı" telefonların bomba kimi partlaması, öz-özünə alışıb yanması ilə tez-tez rastlaşırıq. Bir çox hallarda bu hadisələr faciə ilə nəticələnir. Hətta mütəxəssislər bizim ağıllı "dostumuzu" cibimizdə gəzdirdiyimiz bomba da adlandırırlar.

Xəyal da bu "bomba"nın qurbanı olub. Telefonu cibində partlayıb və ayağının bir hissəsi yanıb: "Nə baş verdiyini başa düşmədim. Mən telefondan çox istifadə edirəm. Demək olar ki, bir an belə əlimdən yerə qoymuram. Yay vaxtı idi, hava çox isti idi. Çöldə gəzdiyim yerdə telefon cibimdə partladı. Bir aydan çox xəstəxanada yatdım. O hadisədən sonra telefonumda istilik hiss edən kimi ustaya gedirəm".

Bəs telefonların alışmasının, partlamasının səbəbi nədir? Təhlükədən sığortalanmaq üçün nə etməliyik?

Telefon təmirçisi Aqşin Abdullanın sosial şəbəkədə paylaşdığı statusu ilə rastlaşıram. Deyir ki, texnologiya nə qədər inkişaf etsə də, diqqəti əldən vermək olmaz: "Cibinizdə bomba daşıyırsınız, xəbəriniz yoxdur. Batareyası şişmiş telefonlar partlamağa meyillidir. Çünki batareyadakı lityum və başqa turşular qaz ifraz edirlər ki, bu da alışan maddədir. Telefonunuzu mənşəyi bəlli olmayan, 2-3 manat dəyəri olan adapterlərə qoşmayın və ən əsas telefon deformasiya olduqda ilkin olaraq batareyanı gözdən keçirin, əzilmə və ya fərqli qoxu gəlirsə, bu, onun partlamaq riskini artırır".

"Telefonun evini "yıxan" nüans"

Həmsöhbətimiz deyir ki, metro keçidlərində satılan, ucuz şarj alətlərini almaq qətiyyən olmaz: "Onlarda işıq oynamasına davamiyyət yoxdur. Bu, çox ziyandır. Orijinal adapterlər buna uyğun işləyir və özünü tənzimləyə bilir. Saxta şarj alətlərində isə qoruyucu olmur, birbaşa telefonu yandırır".

Usta deyir ki, telefonun evini "yıxan" əsas nüanslardan biri də gecə səhərə qədər şarj alətində qalmasıdır: "Telefonu gecə səhərə qədər şarja qoymaq olmaz. Məsələn, ayfonlarda bir telefon batareyası 500 dəfə şarj edilməyə hesablanıb. Yəni bir batareya 500 dəfə dolub, boşala bilər. Gecə səhərə qədər qoyulması 3 dəfə dolub boşalmağa bərabərdir. Telefonun oyun oynayarkən enerji alətində qalması ziyandır. Oyun oynamaq şarja qoymaqdan da betərdir. Batareyanı qızmaqdan, isti yerlərdən qorumaq lazımdır".

Telefonu yastığın altına qoymayın!

Ustamızın əlində dəfələrlə telefon partlayıb: "Bir dəfə müştərilərdən biri telefon gətirmişdi. Telefon şişmişdi. Açmaq istəyəndə, əlimdə partladı və üzümü yandırdı. 3 gün işləyə bilmədim. Bu yaxınlarda isə ofisdə poverbank (güc bankı) partladı. 5 metr radiusda hər yeri qaraltmışdı. Alov püskürürdü. Hətta ofisdə bəzi əşyaları da yandırdı. Xoşbəxtlikdən həmin vaxt mən ofis daxilində deyildim. Poverbank alanda da metal korpuslu almaq lazımdır ki, metal onu mümkün qədər saxlasın, alov çölə püskürməsin. Şarjda çox qalan telefonların partlama ehtimalı çoxdur və yanmağa meyilli olur. "Ayfon"da yanmaq ehtimalı milyardda bir, "Samsung"da milyonda bir, Çin istehsalı olan ucuz telefonlarda da mində birdir. Amma hər ehtimalı nəzərə almaq lazımdır. İstifadəçilərin ən böyük səhvləri telefonu yastığın altına qoymalarıdır. Öz istiliyin və telefonun istiliyi batareyanı ikiqat qızdırır. Bu da telefonu partlada bilər".

(adsgarden = window.adsgarden || []).push({});