Polşa Azərbaycanlıları Assosiasiyasının mərkəzi ofisinin açılışı olub (FOTO)


Digərləri 13 Okt 2019 13:40:42 298 0

Polşa Azərbaycanlıları Assosiasiyasının mərkəzi ofisinin açılışı olub (FOTO)

Varşavada Polşa Azərbaycanlıları Assosiasiyasının mərkəzi ofisinin açılışı olub

Bakı. Varşavada Polşa Azərbaycanlıları Assosiasiyasının mərkəzi ofisinin açılışı olub. Diasporla İş üzrə Dövlət Komitəsindən Trend- verilən məlumata görə, Komitənin sədri Fuad Muradov, Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov açılışda iştirak ediblər. Assosiasiyanın rəhbəri Xəlil Həsənov qonaqları ofislə tanış edib, görüləcək işlər və qarşıda duran vəzifələrlə bağlı ətraflı məlumat verib. Bildirib ki, ofisin açılmasında əsas məqsəd Polşada yaşayan azərbaycanlıları bir araya gətirmək və onların fəaliyyətlərini mərkəzləşdirməkdir. Polşa Azərbaycanlıları Assosiasiyası 2019-cu ildə paytaxt Varşavada təsis edilib və öz ətrafında əsasən Polşada yaşayan azərbaycanlı iş adamlarını birləşdirir. Mərkəzi ofisin açılışından sonra mərasimə toplaşan azərbaycanlı iş adamları ilə görüş keçirilib. Komitə sədri Polşa Azərbaycanlıları Assosiasiyasının əhəmiyyətindən danışıb və azərbaycanlıların birləşməsi üçün onun fəaliyyətini vacib saydığını vurğulayıb. O, Polşada yaşayan azərbaycanlılar, onların yaratdıqları təşkilatlar haqqında danışıb, eyni zamanda, ehtiyac olacağı təqdirdə burada da həftəsonu Azərbaycan məktəblərinin açılmasına Komitənin dəstək verəcəyini qeyd edib. F.Muradov bildirib ki, Komitə xaricdə yaşayan hər bir soydaşımızı diqqətdə saxlayır. Sonra Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Elşad Əliyev tədbir iştirakçılarına rəhbərlik etdiyi Fond haqqında geniş məlumat verib.